close

Paşinyan: “Yerevan Dağlıq Qarabağ xalqının taleyini həll edə bilməyəcək”

Nikol Paşinyan. Foto: Meydan TV

“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməyəcəyini söyləyib.

Bu barədə iyulun 25-də Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir Dağlıq Qarabağ nümayəndələrinin danışıqların tərəfi olmasını vacib sayıb:

“Biz Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin Bakı-Stepanakert (Xankəndi) dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ nümayəndələrinin iştirakı ilə müzakirə edilməli olduğunu nəzərə alaraq, məhz bu gündəliyi təbliğ edirik. Düşünürəm ki, Dağlıq Qarabağın nümayəndələri bu formul çərçivəsində onları narahat edən bütün məsələləri həll etmək, nəinki onları irəli sürmək, nəinki məzmun yaratmaq, həm də bu məzmunla bağlı çox vacib olan siyasi məsuliyyəti öz üzərinə götürmək imkanı əldə edəcəklər. Bu, düzgün yoldur”.

O, danışıq masası arxasında Azərbaycanın Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən danışmaqdan imtina etdiyini eşitmədiyini də bildirib:

“Digər tərəfdən, belə bir hazırlıq Azərbaycan hakimiyyətinin nümayəndələrinin bəyanatlarında görünmür”.

Baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq barədə razılığa gəliblər.

“Əlbəttə, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı problem var və bu, həll edilməlidir. Amma böyük inamsızlıq da var – Azərbaycana münasibətdə Ermənistan, Yerevana münasibətdə isə Bakı”, – deyə Nazirlər Kabinetinin rəhbəri əlavə edib.

“Ermənistan Qarabağla bağlı Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə hər hansı dəyişiklik edə bilərmi?” sualına Baş nazir belə cavab verib:

“Mən əvvəllər demişdim ki, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsində Dağlıq Qarabağa istinadın olub-olmaması, yəni hərtərəfli həlli, yoxsa Qarabağda insanların hüquqları və təhlükəsizliyi ilə bağlı müxtəlif məsələlərin həlli ilə bağlı fikirləşmək lazımdır. Bu məsələdə heç bir həllimiz yoxdur. Amma bu, o demək deyil ki, bizim mövqeyimiz yoxdur”.

Ağdamdan Dağlıq Qarabağa humanitar dəhlizin verilməsi məsələsinə gəlincə, Paşinyan bu məsələni müzakirə etmədiyini söyləyib:

“Çünki belə bir məsələni müzakirə etməyə nə ehtiyacım var, nə də mandatım. Amma 10 noyabr bəyanatını imzalayanlardan biri kimi “Laçın dəhlizi” məsələsini müzakirə etmək mandatım var”.

Baş nazir bildirib ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin Ağdamdan keçməklə Qarabağa humanitar dəhliz verilməsi təklifinin vacibliyi ilə bağlı bəyanatı onun üçün sürpriz olmayıb:

“Vəziyyətin nizamlanması beynəlxalq ictimaiyyət üçün deyil, ilk növbədə Ermənistan və “Dağlıq Qarabağ” üçün lazımdır. Beynəlxalq ictimaiyyət “Dağlıq Qarabağ” ətrafındakı vəziyyətin həlli üçün addımlar atır və mövqe bildirirmi? Bəli. Avropa Şurası bu mövzuda qətnamə qəbul etdi, ATƏT-in Daimi Şurasının son iclasında bir çox ölkə birmənalı mövqelərini bildirdi, Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi. Bu səylər kifayət edirmi? Yox. Yəni problemi həll etmək üçün bizim nələrsə edə biləcəyimizin beynəlxalq ictimaiyyətə lazım olduğu haqda düşüncə yanlışdır”.

“44 günlük müharibədən sonra biz az qala möcüzəvi şəkildə dövlətimizi xilas etdik. Biz dövlətimizi və dövlətçiliyimizi təhlükəyə atdıq, bunu öz iradəmizlə deyil, xoş niyyət və ya çox haqlı qorxular əsasında etdik”,-deyən Paşinyan əlavə edib ki, bu gün də vəziyyət eynidir:

“Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıranlar Ermənistanın mövcudluğunu, onun suverenliyini və müstəqilliyini şübhə altına alırlar. Mən buna əminəm”.

Nikol Paşinyan bir daha vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb. Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”.

O, Qarabağın Rusiyaya daxil olması ilə bağlı heç vaxt danışıqlar aparmadığını da bildirib.

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi Azərbaycan dövlət başçısı İlham Əliyev deyib ki, hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı:

Foto: president.az

“Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Əgər bu addım atılsa, – danışıqlar heyəti və xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir, bilirsiniz ki, növbəti danışıqlar yaxın günlərdə Moskvada baş tutacaq, – Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür”.

Dağlıq Qarabağ ermənilərinə gəlincə, İlham Əliyev demişdi ki, Bakı danışıqlara təşəbbüs göstərdi:

“Mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər. Biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər”.

Ana səhifəSiyasətPaşinyan: “Yerevan Dağlıq Qarabağ xalqının taleyini həll edə bilməyəcək”