close

Sükanı belə saxlayın!

Mənbə: Meydan TV

Rövşən Hacıbəyli

Şuşa Qlobal Media Forumundan jurnalistlərə tövsiyə

Qlobal Foruma azərbaycanlı jurnalistlər buraxılmamalıdır, buna Şuşa Forumundan hazırlanan reportaja baxanda bir daha əmin oldum. Açığı, heç türkiyəli jurnalistlər də məsləhət deyil. Əsassız danışmıram. “Bir millət-iki dövlət” formulu belə Qlobal Forumlara ziyan vurur. Bu iki ölkədən olan jurnalistlər o qədər ütülü sual verirlər ki… Kim bilir, bəlkə də, sualın müəllifi də onlar deyil, sadəcə yazıb əllərinə veriblər, ya da əzbərlətdiriblər, onlar da təkrarlayır.

Forumda ilk sualı vermək şansını türkiyəli jurnalist Bora Bayraktar qazandı. Bunun o Bayraktarlarla qohumluq əlaqəsinin olub-olmadığını bilmirəm, ancaq elə başlayan kimi işləri korladı:

“…Cənab Prezident, Türkiyə Prezidenti artıq növbəti beş illiyə prezident seçilibdir. Bu, o deməkdir ki, Siz növbəti beş il ərzində də bir yerdə çalışacaqsınız. Zənnimcə, bu, çox gözəl bir fürsətdir. Cənab Prezident, bu növbəti beş ildə Sizin prioritetləriniz nədən ibarət olacaqdır? Yəni, zənninizcə, biz bir yerdə nələri etməliyik, Türkiyə ilə əməkdaşlıq baxımından ən aktual məsələlər hansılardır?”

44 günlük savaş vaxtı jurnalist fəaliyyəti İlham Əliyevə xeyli təcrübə qazandırıb. Bunun şahidi olmuşuq. Jurnalistlərin sualına düzəliş etmək, sözünü yarıda kəsmək, nəyisə dəqiqləşdirmək, lazım gəlsə danlamaq, yerli-yataqlı cavablar vermək, gərək olanda sualdan yayınmaq… Çox olub belə şeylər. Əslində, türkiyəli jurnalistin də sualına düzəliş edilməli, ya cavab verilməməli, ya da izah olmalıydı. Nəyə? Jurnalist deyir ki, Ərdoğan 5 illiyə prezident seçilib, bu isə o deməkdir ki, siz 5 il ərzində də bir yerdə çalışacaqsınız. Ərdoğanın 5 illiyə seçilməsinin İlham Əliyevə nə dəxli var? Ayrı-ayrı ölkələrdir, hərəsinin öz siyasi sistemi, hərəsinin öz problemi, öz dərdi, hərəsin öz prezidentlik müddəti var. Üstəlik, bu iki ölkə bir yerdə prezident seçmir ki…

Azərbaycanda prezident seçkisi 2025-ci ildə olmalıdır, yəni iki ildən sonra xalqımız seçkiyə gedib İlham Əliyevi yox, başqasını seçə bilər. Demokratik ölkədir (bunu Forumda da dedilər), hər kəsin seçim imkanı, hər kəsin söz azadlığı var. Belə olarsa, Ərdoğan prezidentliyinin 3 ilini Azərbaycanın yeni seçilmiş prezidenti ilə çalışa bilər. Yəni Bora bəyin sualı məntiqsizdir, Qlobal Forumun qonaqları yanında başımızın aşağı edilməsidir…

Boranı təlimatlandıra, hazır sualla bura yollaya bilərlər, bəs Prezident İlham Əliyev niyə suala cavabdan imtina etmədi, ya suala etiraz bildirmədi, axı biz dəfələrlə onun xarici jurnalistlərin sualının arxasında nə dayandığını göydə tutmasına şahid olmuşuq… Bu gündən sabaha etibar olmayan dünyada, üstəlik, iki ildən sonra keçiriləcək seçkidə xalqın səni seçib-seçməyəcəyini bilmədən, onun seçiminə qabaqcadan hörmətsizlik etmək Qlobal Foruma yaraşmır, bundan sonra sən 49 ölkədən gətirdiyin media adamlarını Azərbaycanın demokratik prinsiplərə sadiq qaldığına, demokratik idarəçiliyə necə inandıra bilərsən? Belə çıxır ki, 2025-ci ilin seçkisinin nəticələri qabaqcadan bəllidir, yoxsa niyə o qədər qonağın yanında bu cavabı versin:

“…Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir”.

Boranın sualı, ona İlham Əliyevin cavabı… bütün deyilənlər də xarici qonaqlara sinxron tərcümə olunur. Dərd burasıdır ki, sonra peşəkar jurnalist Mirşahin də Bora yolu getdi. Bir çox jurnalist prezidentlə belə görüşləri fürsət bilib qaranlıq mətləblərlə bağlı çoxlu suallar verirlər, Mirşahinsə prezidentdən tələb və tövsiyə istəyir:

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media”nın qarşısında duran vəzifələr sırasında məhz bu tipli dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? Çünki Siz bizi Qələbəyə gətirmisiniz. Bizim media mübarizəmizdə də önümüzdə Siz oldunuz və Azərbaycanın informasiya blokadasının yarılmasında əsas açar şəxs Siz oldunuz. Biz Sizin ardınızca getdik. Ona görə də Sizdən bu məsələdə tövsiyə istəyirəm”.

Görünür, Prezident sualın bu qədərini gözləmirmiş… ancaq hardan bilsin ki, qarşıda hələ Vüsalə Mahirqızının durgunluq illərinə xas sualı var… Mirşahinə cavaba baxaq:

“…O ki qaldı, tövsiyələrə, sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin”.

Mirşahinə bu cavab məşhur filmi yada salır: Sükanı belə saxla!

Vüsalı Mahirqızı: “…Qarabağ azad olunanda buraya Ordumuzun ardınca ilk Siz gəldiniz. Sonra çox tez-tez Qarabağa səfərlər edirsiniz, hər dəfə gələndə biz izləyirik, yeni layihələr, yeni yerlər açılır. O, Sizdə necə bir hiss yaradır? Tamamilə dağılmış bir yer və hər dəfə onu daşbadaş tikmək. Necə hiss edirsiniz? Ümumiyyətlə, qalib Prezident olmaq necə bir hissdir?”

44 günlük savaş vaxtı ermənilərin Gəncəyə atdığı raket, dağılmış evlər yadınızda olar. Orda valideynlərini itirən 10 yaşlı qıza ATV-nin müxbiri sual vermişdi ki, hansı hissləri keçirirsiniz? Vüsalə Mahirqızının sualı ona bənzəyir, ancaq yarımçıqlıq var sualda, gərək tamamlayardı: Yenidən dünyaya gəlsəz yenə prezident olardınızmı?!

Heyif, vermədi bu sualı, cavab maraqlı, həm də Qlobal Foruma möhür vurmuş olardı…

Məncə, mediamızda sağlamlaşma prosesi uğurla başa çatıb…

Ana səhifəMənim FikrimcəSükanı belə saxlayın!