close

Prokuror Samir Aşurova 8 il həbs cəzası istəyib

Samir Aşurov, foto: şəxsi facebook səhifəsi

Fəal ittihamları yalan və böhtan adlandırıb

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun işi üzrə il yarıma yaxındır ki, davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Dekabrın 4-də məhkəmə istintaqı tamamlanıb və prokuror Samir Aşurova 8 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Siyasi fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxır.

Dekabrın 4-də məhkəmədə hakim Faiq Qəniyev öncə cinayət işinin materiallarında olan bir sıra sənədləri elan edib.

Sənədlərin tədqiqi mərhələsi bitəndən sonra Samir Aşurovun vəkili Elçin Sadıqov müvəkkilinin bıçaqladığı iddia olunan, zərərçəkmiş qismində tanınan Elşən Nəbiyevlə bağlı vəsatətlər qaldırıb.

Vəkil bildirib ki, Elşən Nəbiyevin polislərlə əlaqədə olmasına, Samir Aşurovu şərləyib həbs etmək üçün ondan istifadə edildiyinə dair şübhələr var.

Bu şübhələrin araşdırılması üçün 2021-ci il aprelin 18-dən 20-nə qədər onun hərəkət trayektoriyasını müəyyənləşdirmək, kimlərlə əlaqədə olub-olmadığını bilmək lazımdır.

Vəkil bu məqsədlə Elşən Nəbiyevin mobil telefonuyla bağlı anten məlumatlarının alınması haqda vəsatət qaldırıb.

Elşən Nəbiyev iddia edir ki, Samir Aşurov ona bıçaqla xəsarət yetirib və hadisədən sonra onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Vəkilin sözlərinə görə, bu məsələ də şübhəlidir.

Müdafiəçi xəstəxanaya sorğu göndərilməsi, onun üzərindəki cərrahiyyə əməliyyatının videogörüntüsünün alınması barədə vəsatət qaldırıb:

“Onun üzərində biz əməliyyat yeri görmədik. Xahiş edirəm, bu məsələ araşdırılsın. Bütün cərrahiyyə əməliyyatlarının videosu çəkilir. Xahiş edirik, onun əməliyyatının da görüntüləri xəstəxanadan alınsın. Bizdə də əminlik yaransın ki, yalan danışmır”.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Ardınca çıxış edən prokuror Samir Aşurovun Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 18-də vəkilin müdafiə çıxışı, ardınca Samir Aşurovun özünün son sözüylə davam edəcək. Daha sonra hökm oxunacaq.

Cinayət işində iddia olunur ki, Samir Aşurov 2022-ci il aprelin 19-da axşam saat 21:00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib.

Nəticədə aralarında mübahisə yaranıb və Samir Aşurov ona bıçaqla xəsarət yetirib.

Samir Aşurov məhkəmədə bildirib ki, ittihamda yazılanlar başdan-ayağa yalandır, ona böhtan atırlar.

Onun sözlərinə görə, üstündə ümumiyyətlə, bıçaq olmayıb. Həbsi isə siyasi fəaliyyətinə görə əvvəldən cızılmış ssenari üzrə həyata keçirilib:

“Məndən əvvəl Almaniyadan qaytarılanları narkotik ittihamıyla şərləyib tuturdular. Bu tendensiyanı görüb, özümlə bağlı təhlükəni bilirdim. Maştağa qəsəbəsində həyət evim var. Düşündüm ki, məni rahatlıqla şərləyə bilməsinlər. Ona görə ailəmi götürüb, “Neftçilər”də bina evində kirayə qalmağa başladım. Amma izlənildiyimi də hiss edirdim. Bunu da (zərərçəkmiş Elşən Nəbiyevi nəzərdə tutur-red.) o ərazidə görmüşdüm. Sanki məni ona tanıtdırırdılar kənardan…”

Hadisə gününə gəlincə, Samir Aşurov deyib ki, metrodan çıxıb, evə tərəf gələndə hazırda zərərçəkmiş qismində tanınan şəxs də üzbəüz gəlirdi.

Onun sözlərinə görə, çatmağa bir addım qalmış Elşən Nəbiyev qışqırmağa başlayıb:

“Qışqırdı, əl-qol atdı. Kənardan bir neçə nəfər dərhal gələndə başa düşdüm ki, təxribatdı. Bir neçə il Almaniyada yaşamışdım, orada polisin vətəndaşın köməyinə çatması, insanlara yardım etməsi yadımda qalmışdı deyə, mən də dərhal “polis, polis” qışqırdım. Onlar da gəldi, biri sağ qolumdan, biri sol qolumdan, biri də gödəkçənin boyun tərəfindən tutdu. Gördüm ki, cibimə nəsə qoydular. Elə bildim, narkotikdir. İmkan tapıb baxanda gördüm ki, bıçaqdır. Tez çıxarıb tulladım. Gedib götürüb gətirdilər. Bu biri də sakitləşmir, özünü əyib ki, ay məni vurdu, belə elədi. Gətirib bıçağı bu dəfə şalvarımın cibinə qoyub, məni polis bölməsinə apardılar…”

Samir Aşurov 2021-ci il martın 28-də Azərbaycana qaytarılandan sonrakı günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

Son iki il ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib.

Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarında iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Ana səhifəXəbərlərProkuror Samir Aşurova 8 il həbs cəzası istəyib