close

Prezident köməkçisini səfir göndərdi

Məhərrəm Əliyev. Foto: “Azərtac”

Yeni sərəncamlarla digər səfirlər ölkə dəyişdi

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Bu barədə dekabrın 9-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısı General-polkovnik Məhərrəm Əliyevin Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə də sərəncam imzalayıb.

1993-2007-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi olan Məhərrəm Əliyev 2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilmişdi.

M.Əliyev 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda səfiri olub.

Dövlət başçısının digər sərəncamı ilə Ülvi Baxşəliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Ülvi Baxşəliyev Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

İlham Əliyev Moldovadakı səfir Qüdsi Osmanovu vəzifəsindən geri çağıraraq onu Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Buna qədər Rumıniyada səfir olan Hüseyn Nəcəfov vəzifəsindən azad olunub. Hüseyn Nəcəfov 2018-ci ilin noyabrından Azərbaycanı Rumıniyada təmsil edirdi.

Ana səhifəSiyasətPrezident köməkçisini səfir göndərdi