close

Priqojinə məxsus təyyarənin qəzaya uğradığı bildirilir

Foto: Telegram

Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında deyilir ki, sərnişinlər arasında Yevgeni Priqojin də olub

Avqustun 23-də saat 21 radələrində Rusiyanın Tver vilayətində  “Embraer Legacy” şəxsi təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 10 nəfər olub.

Rusiya mediası təyyarənin “Vaqner”in rəhbəri  Yevgeni Priqojinə məxsus olduğunu bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə olanların hamısının öldüyünü deyib.

Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında isə deyilir ki, sərnişinlər arasında Yevgeni Priqojin də olub.

“Bu gecə Tver vilayətində baş verən “Embraer Legacy” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, – deyə agentlikdən qeyd ediblər.

“Baza”“Mash” “Telegram” kanalları Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması versiyalarından biri arasında terror aktının da nəzərdən keçirildiyini yazıblar.

İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub.

“Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.

O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb.

Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyini bildirib.

Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb.

Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib.

Onun barəsində açılan cinayət işi isə ləğv edilib.

Ana səhifəSiyasətPriqojinə məxsus təyyarənin qəzaya uğradığı bildirilir