close

Putin: “Rusiya Ukraynada məqsədlərinə çatanda sülh olacaq”

Vladimir Putin. Foto: Meydan TV

Rusiya Prezidenti növbəti səfərbərliyin olmayacağını deyib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülhün nə vaxt olacağı haqda danışıb.

Dekabrın 14-də ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Rusiya məqsədlərinə çatanda sülh olacaq.

O, Rusiyanın məqsədinin dəyişmədiyini əlavə edib:

Məqsədimiz isə dəyişməyib. Bu, əvvəlki kimi Ukraynanın denazifikasiya və demilitirizasiyasıdır”.

Ancaq V.Putin ikinci səfərbərlik dalğasının olmayacağını da bildirib:

Niyə səfərbərlik? Elə bir ehtiyac yoxdur”.

Onun sözlərinə görə, hazırda Ukraynada müharibə şəraitində 244 min hərbçi var:

“Bundan əlavə, daha 486 min könüllü Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bizdə “qismən səfərbərlik” oldu, 300 min nəfəri çağırdıq. Bununla bağlı çox istehza var idi. Onlara “Mobik” adı verildi”.

Ukrayna ilə müharibədən sonra bu, V.Putinin ilk mətbuat konfransıdır.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaPutin: “Rusiya Ukraynada məqsədlərinə çatanda sülh olacaq”