close

Skandinaviya ölkələri Zelenskiyə dəstək verəcəklərini deyir

Norveç-Ukrayna. Foto: Svystun_Roman/shutterstock

Ukrayna prezidenti Vaşinqtondan sonra Osloya səfər edib

Beş Skandinaviya ölkəsi dekabrın 13-də Osloda keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya qüvvələrini ölkəsindən çıxarmaq üçün apardığı mübarizədə “nə qədər lazımdırsa, dəstək verəcəyik”, – deyiblər.

Zelenski dekabrın 12-də Vaşinqtonda ABŞ Prezidenti Co Bayden və amerikalı qanunvericilərlə görüşdükdən sonra Norveçin paytaxtı Osloya gözlənilməz səfər edib.

Bu səfərdən sonra Skandinaviyanın beş ölkəsi birgə bəyanat yayaraq, Ukraynaya dəstəklərini ifadə ediblər.

Bəyanatda deyilir ki, Norveç, İsveç, Danimarka, Finlandiya və İslandiya Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya hücumundan bəri bu ölkəyə 11 milyard avro dəyərində yardım ediblər. Onlar bu günədək etdikləri geniş hərbi, iqtisadi və humanitar dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.

“Şimal ölkələri nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Rusiya isə təcavüzünə son qoymalı və öz qüvvələrini beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır”, – bəyanatda deyilir.

Ayrı-ayrılıqda, Danimarkanın Baş naziri Mette Frederiksen hökumətinin bu həftə parlamentə 1 milyard avro (1,08 milyard dollar) dəyərində yeni dəstək paketi təqdim edəcəyini söyləyib.

Beş Skandinaviya ölkəsindən dördü NATO-nun üzvüdür. İsveç isə üzvlük ərizəsinin bütün 31 üzv dövlət tərəfindən təsdiqlənməsini gözləyir.

Zelenski daha öncə ölkəsinin paytaxtı Kiyevin Rusiyanın ballistik raket atəşinə məruz qalmasından sonra Ukraynanın hava hücumundan müdafiəni gücləndirməyinin vacibliyindən danışmışdı.

O, Norveçin Baş naziri Jonas Qahr Stoere ilə birgə mətbuat konfransında deyib:

Bu gün biz minlərlə ukraynalının həyatını xilas edə biləcək konkret məsələlər, həmçinin, təcavüzkara artan təzyiqlər haqqında danışdıq”.

Stoere bildirib ki, Norveç Ukraynaya 3 milyard kron (273 milyon dollar) məbləğində maliyyə yardımı edəcək.

“Biz Ukraynaya azadlıq və demokratiya uğrunda mübarizəsində kömək etmək üçün məqsədyönlü, uzunmüddətli dəstək veririk”, – deyə Stoere əlavə edib.

Ana səhifəXəbərlərSkandinaviya ölkələri Zelenskiyə dəstək verəcəklərini deyir