close

Yerevan Vaşinqton görüşünə hazırdır, Bakı isə “razılıq yoxdur” deyir

A,Mirzoyan, E.Blinken və C.Bayramov. Foto: ABŞ DD

Ayxan Hacızadə: “Görüşün yeri və tarixi barədə hələlik razılıq yoxdur”

Bakının Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün yanvarda Vaşinqtonda keçirilməsi ilə bağlı ABŞ-ın təklifini qəbul etdiyi bildirilir.

Bu barədə dekabrın 13-də Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Hazırda bizdə məlumat var ki, Azərbaycan ABŞ-ın Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüş keçirmək dəvətini qəbul edib”, – deyə Marukyan bildirib.

Diplomat ümid edib ki, görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsini yekunlaşdırmaq mümkün olacaq.

Edmon Marukyan. Foto: sosial şəbəkə

Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, rəsmi Yerevan nazirlərin Vaşinqton görüşünün keçirilməsi təklifini qəbul edib.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-nin sorğusuna fərqli cavab verib.

Hacızadə bildirib ki, növbəti görüşün yeri və tarixi barədə hələlik razılıq yoxdur.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Dekabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında deyib ki, son iki-üç ildə aparılan danışıqlar ikitərəfli olub və beynəlxalq aktorlar kömək edib:

İnanırıq ki, biz belə davam etməliyik”.

Nazirin sözlərinə görə, işin çox hissəsi görülüb:

Əgər biz qayıdıb eyni mexanizmlərlə davam etsək, tez bir zamanda nəticələr əldə etməyə nail olacağıq. Bütün prosesi başa çatdıracağıq. Bu gün çatışmayan komponent Azərbaycan rəhbərliyinin siyasi iradəsidir ki, onu nümayiş etdirə və ya nümayiş etdirməyə də bilər”.

a
Mənbə: Reuters

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir.

Dekabrın 7-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazmışdı ki, Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir.

Ceyms O’Brayn dekabrın 6-da Bakıda müsbət və konstruktiv görüşlər keçirdiyini də qeyd etmişdi:

“Azərbaycan Prezidenti İlham Əliyevə dediyim kimi, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının rəhbəri və energetika nazirinin səfərlərini gözləyir. Dövlət katibi Entoni Blinken tezliklə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda sülh danışıqları üçün qəbul etməyə ümid edir…”.

Ceyms O’Brayn. Foto: “Turan”

Bundan əvvəl Bakı Vaşinqton və Brüssel görüşlərindən imtina etmişdi.

Amma rəsmi məlumata görə, noyabrın 27-də ABŞ Dövlət katibi Blinken Azərbaycan Prezidentinə zəng edərək münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib:

Prezident Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan Vaşinqton görüşünə hazırdır, Bakı isə “razılıq yoxdur” deyir