close

Putinin tərəfdarı Araz Ağalarovun ailəsi Mayamidə

Mənbə: Insider

Adı hətta Amerikada keçirilən seçkilərə müdaxilədə hallanıbsa da, indiyədək Qərbin sanksiya siyahısına düşməyib

Rusiyanın ən zəngin adamlarından biri, azərbaycanlı Araz Ağalarovun sanksiyalardan qaçaraq ailəsini ABŞ-a apardığı bildirilir. Bu barədə “The Insider” məqalə hazırlayıb.

Meydan TV həmin məqalənin tərcüməsini təqdim edir.

Mayami – vətənpərvərin seçimi

Araz Ağalarov Putinin ömürlük hakimiyyətinin tərəfdarıdır, Kremldən müsabiqədən kənar milyardlar dəyərində dövlət sifarişləri alır, “Vahid Rusiya” ilə əməkdaşlıq edir. Adı hətta Amerikada keçirilən seçkilərə müdaxilədə hallanıbsa da, indiyədək Qərbin sanksiya siyahısına düşməyib. Bundan başqa, oliqarxın arvadı və qızı ABŞ vətəndaşıdılar , üstəlik onlar Mayamidə yaşayırlar.

“Səmimi qəlbdən belə hesab edirəm ki, Vladimir Vladimiroviç Putin Rusiya üçün ideal variantdır, – “Crous Group”un sahibi Araz Ağalarov hələ 10 il bundan əvvəl belə deyib. – Əgər o, ömürlük hakimiyyətə razılaşsaydı, mən bunu sadəcə alqışlayardım. Ölkə bizim Navalnı ilə dağılacaq”.

Ağalarov müsahibədə, azərbaycanlı köklərinə rəğmən, Rusiyaya sədaqətini xüsusilə qeyd edir. Üstəlik bəyan etdiyi kimi, bircə vətəndaşlığı var – o da Rusiyaya aiddir. Hərçənd Ağalarovun ailəsi tamamilə başqa ölkəyə üstünlük verir. Oliqarxın qızı və arvadı Amerika sahillərində, elit bir evdə yaşayır.

Rusiya Ukrayna ilə tammiqyaslı müharibəyə başladıqdan sonra bir çox rusiyalı biznesmen və siyasətçi sanksiyalardan çəkinərək, xaricdə olan mülklərini etibarlı adamların üzərinə yazdırmağa başladı. Ağalarov da müstəsna olmadı. “The Insider”də olan sənədlərə görə, ötən ilin yayında oliqarx Mayamidəki mənzilini arvadı İrina Ağalarovanın (Qril) adına keçirib. Həmin evdə Aras Ağalarovun qızı Şeyla Ağalarova da yaşayır.

Ağalarovların mülkü zəngin adamların yaşadığı adada – Fisher Islan-da yerləşir. Ora yalnız şəxsi qayığın, vertolyotun və ya bərənlə gedə bilərsən.

266 kvadrat metr sahəsi olan mənzilin qiyməti 4,3 milyon dollardır.

Bundan əvvəl Ağalarovlar ailəsi ABŞ-da digər daşınmaz əmlaklar da əldə ediblər. Məsələb, Nyu-Cersidəki malikanələrinin adını çəkmək olar.

Bundan başqa, Ağalarovun arvadı və qızı Amerika vətəndaşıdır: “The Insider” hər iki qadının adına Amerika seçiciləri siyahısında rast gəlib. Üstəlik İrina respublikaçı, Şeyla isə demokrat kimi qeydə alınıb.

Ağalarovların Amerika siyasətinə marağı xüsusidir.

Trampla “Vahid Rusiya” arasında

Araz Ağalarov və onun ailəsi 2016-cı ildə keçirilmiş Amerika seçkilərinə müdaxilə haqqında iş üzrə istintaqın iştirakçılarına çevriliblər. Kreml həmin vaxt Hillari Klintonun seçilməsinə mane olmaq üçün fəal surətdə kompromat axtarırdı.

Bu müdaxilənin ən məşhur epizodu BKİ-nin xakerlərinin (26165 və 74455 saylı hərbi hissələr) Hillari Klintonun seçkiöncəsi qərargahı və Milli Demokratik Komitəsinin saytını qırması olub. Fancy Bear adı ilə tanınan bu əməliyyat nəticəsində üzə çıxan fayllar (hərçənd həmin fayllarda xüsusi bir kompromat aşkarlanmayıb) Culian Assanjın rəhbərlik etdiyi “WikiLeaks”də dərc olunub.

Prokuror Robert Müller tərəfindən təhqiq edilən seçkilərə müdaxilə işində digər epizod da olub. Söhbət Donald Trampın Maqnitski işinin iştirakçılarını (Rusiya büdcəsindən fırıldaqla külli miqdarda pul yuyulmasını ifşa edən, daha sonra Rusiya həbsxanasında qətlə yetirilən hüquqşünas Sergey Maqnitski nəzərdə tutulur – red.) müdafiə edən rusiyalı hüquqşünas Natalya Veselniskaya ilə görüşündən gedir. Veselniskayanın əsas müştərisi “Prevezon Hodings”in sahibi Denis Kasıv olub. O, Maqnitski sxemi ilə pul yuduğu üçün sanksiyaya düşüb. Kasıvın Kremldəki himayədarlarından biri korrupsiya qalmaqalları ilə məşhur olan baş prokuror Yuri Çayka idi. Amerika istintaqı çərçivəsində ifşa olunmuş yazışmaya görə, Trampa baş prokurordan gələn “xüsusi məxfi” bir məlumat vəd ediblər (məlumat ötürülsə də, Donald Tramp ondan peşman olduğunu söyləyib). Görüşü Ağalarovun oğlu musiqi karyerası qurmağa çalışan Emin təşkil edib. Eminin Trampla əlaqəsi böyük sirr olmayıb, Tramp hətta Eminin kliplərindən birində çəkilib.

Araz Ağalarov həmçinin Trampla şəxsən yaxından tanış olub, üstəlik prezident kampaniyasından çox əvvəl. Onlar 2013-cü ildə inşaat sahəsində biznes-partnyorluq barədə razılaşma əldə ediblər və birgə gözəllik müsabiqələri təşkil ediblər. Seçki kampaniyası zamanı isə Ağalarov Trampa bahalı bəxşişlər, o cümlədən on minlərlə dollar dəyərində tablo hədiyyə edib. Ağalarov Trampla Putinin adından ünsiyyət qurduğunu təkzib edir, hərçənd Tramp çətin ki Ağalarovun Kremldəki əlaqələrindən xəbərsiz olsun.

Maraqlı təsadüfdür – məhz Ağalarov reklam olaraq (yəni pul qarşılığında) “Kommersant”da öz adından Çaykanı müdafiə edən (Korrupsiya ilə Müdafiə Fondunun Çaykanın korrupsiya əməllərini ifşasından sonra) məqalə dərc etdirib. Çayka isə öz növbəsində Maqnitski işində adı hallanan fırıldaqçıların müdafiəsinə durub və bəyan edib ki, “həmin işdə heç bir fakt yoxdur”.

Sözsüz ki, Ağalarovun Kremllə əlaqələri sadəcə Çayka ilə məhdudlaşmır. Belə ki, məsələn, o, “Vahid Rusiya”nın ən iri podratçılarından biridir. Oliqarxa məxsus “Krokus Ekspo” sərgi mərkəzində partiya öz qurultaylarını keçirib, onun oğluna məxsus olan keyterinq şirkəti isə vahid rusiyaçıları yeməklə təmin edir və onların banketlərində xidmət göstərir.

Korrupsiya podratları

Ağalarov dövlət podratları almadığını söyləməyi sevir, o, guya sadəcə ölkə rəhbərinin “tapşırıqlarını yerinə yetirir”. O, çox milyardlıq dövlət sifarişlərini müsabiqə prosedurları olmadan əldə edir.

Beləcə, Ağalarov Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsi üçün stadionların, Uzaq Şərq Federal Universitetinin obyektlərinin, “Vostoçnıy” kosmodromunun, covid əleyhinə hospitalın, Moskva ətrafı mərkəzi dairəvi avtomobil yolunun inşasının podratlarını alıb. “Forbes” 2021-ci ildə onun var-dövlətini 1,2 milyard dollar həcmində qiymətləndirib.

Bu yaxınlarda, 2023-cü ilin avqustunda Ağalarovun “Krokurs internasional” səhmdar cəmiyyəti Federal Gömrük Xidmətindən Qırğızıstan Respublikasında “Toruqart” avtomobil buraxılış məntəqəsinin layihələşdirilməsinə 10,5 milyard rubl alıb. Bu dəfə də müsabiqədən kənar.

“The Insider”in qeyd etdiyi kimi, oliqarxın oğlu Emin Ağalarovsa rəsmi olaraq podratları tenderlərin nəticələrinə görə alır, hərçənd həmin tenderlər də saxtadır. Belə ki, Moskva məmurları üçün 37,5 milyon rubl dəyərində banket keçirmək hüququnu əldə etmək üçün onun iki firması müsabiqədə iştirak edib: “Beksteyj Keyterinq” MMC və “Krous İvent” MMC. Hər iki şirkət Ağalarovun oğluna məxsusdur.

Bu banketin keçirilməsi üçün cəmi iki şirkət yarışıb və hər ikisi Emin Ağalarova məxsus olub.

Araz Ağalarovsa bu müddət ərzində ölkənin əsas müdafiə korporasiyası ilə birgə biznes aparır. “Rostex” və oliqarx müştərək olaraq “Texsit və Development” MMC-yə sahibdir. Bu şirkət iki il əvvəl “Rostex-Siti” layihəsinin (Tuşinsk aerodromunda Sergey Çemezovun mənzil-qərargahı ilə birgə biznes-kompleks) gerçəkləşdirilməsi üçün yaradılıb.

Araz Ağalarov Rusiya hakimiyyəti və müdafiə korporasiyaları ilə sıx əlaqədə olmasına rəğmən, adı, Ukrayna müstəsna olmaqla, heç bir sanksiya siyahısına düşməyib.

Ana səhifəXəbərlərPutinin tərəfdarı Araz Ağalarovun ailəsi Mayamidə