50 fələstinlinin öldüyü bildirilir
İsrail qırıcı təyyarələrinin Qəzzada sıx məskunlaşma olan köçkün düşərgəsinə zərbə endirdiyi bildirilir.
Həmin zərbədə bir nəfər HƏMAS komandirinin, 50 fələstinlinin həlak olduğu qeyd edilir.
Qəzzada eyni zamandan, qida, yanacaq və tibbi ləvazimatlarının qıt olduğu, humanitar vəziyyət yarandığı deyilir.
İsrail ordusu açıqlamasında oktyabrdın 31-də Qəzzada gedən döyüşlərdə 11 əsgərinin öldüyünü açıqlayıb.
HƏMAS silahlıları oktyabrın 7-də İsrailin cənub şəhərlərinə hücum edib. Nəticədə 300-ə yaxın əsgər və 1100-ə yaxın mülki vətəndaş ölüb. Bundan əlavə, 240 nəfəri girov götürüb və bugünədək onlardan cəmi dörd mülki vətəndaşı azad edib. Girovların çoxunun tunellərdə saxlanıldığı güman edilir.
Həmin hadisədən sonra İsrail HƏMAS silahlılarının kökünü kəsəcəyinə söz verib. Qəzza zolağının bombalanmasına başlanıb. Ən son açıqlanan məlumata görə, burada ən azı 8525 nəfər həlak olub.
İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilir ki, Qəzzanın ən böyük qaçqın düşərgəsi olan Cəbəliyyəyə endirilən hava zərbələri nəticəsində HƏMAS komandiri İbrahim Biari öldürülüb.
İsrail ordusunun sözçüsü bildirib ki, onlarla HƏMAS döyüşçüsü Biari ilə eyni yeraltı tunel kompleksində olub və onlar da hücum zamanı çökən tunelin altında qalıblar.
Həmçinin İsrailin qeyri-döyüş itkilərini araşdırdığı bildirilib.
Çərşənbə günü jurnalistlərə İsrailin müdafiə naziri Yoav Gallant deyib: “HƏMAS-ı tamamilə məhv etmək üçün hər şeyi edəcəyəm. Mən buna sadiqəm. Bu, İsrailin gələcəyi üçün müharibədir. HƏMAS terrorçularının iki yolu var – ya öldürüləcəklər, ya da heç bir şərt olmadan təslim olacaqlar”.
HƏMAS-ın sözçüsü Hazem Qassem düşərgədə yüksək səviyyəli komandirlərin olduğunu təkzib edib və bu iddianı mülki insanları öldürmək üçün İsrailin bəhanəsi adlandırıb. Fələstin səhiyyə rəsmiləri ən azı 50 fələstinlinin öldüyünü, 150-nin isə yaralandığını bildirib.
HƏMAS-ın bəyanatında deyilir ki, 1948-ci ildən İsraillə müharibələrdən qaçqınların ailələrinin yaşadığı Cəbəliyyədə 400 ölü və yaralı var.
Partlayış nəticəsində dağılmış binaların əhatəsində böyük kraterlər yaranıb. İsrail dəfələrlə Qəzza sakinlərinə şimal bölgələrini boşaltmaları barədə xəbərdarlıq edib və bir çoxu cənuba getsə də, qalanlar olub.
İsrail HƏMAS hücumundan sonra Qəzzanı mühasirəyə alıb. BMT və digər yardım rəsmiləri anklavdakı mülki əhalinin ictimai sağlamlıq fəlakəti içində yaşadıqlarını, xəstəxanaların elektrik təchizatı kəsildiyi üçün itkiləri müalicə etməkdə çətinlik çəkildiyini söyləyib.