Atəşkəs razılaşmasında yenidənqurma prosesi barədə də danışılır
On aya yaxındır davam edən İsrail-Fələstin müharibəsi nəticəsində Qəzzanın 2,2 milyon əhalisinin yarıdan çoxunun köçkün düşdüyü bildirilir. Onlar Aralıq dənizi sahili boyunca kiçik bir əraziyə sıxışmış vəziyyətdə, şirin su, qida, dərman və əsas sanitariyadan məhrum yaşayırlar.
HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinə görə, İsrail mülki əhali ilə döyüşçülər arasında fərq qoymayıb. Müharibə Qəzzada 40,000-dən çox insanın ölümünə səbəb olub.
“Bloomberg” yazır ki, dağıntının miqyası böyükdür. 70 faiz infrastruktur sıradan çıxıb. Dünən Qətərin paytaxtı Dohada yenidən başlayan atəşkəs razılaşmasında yenidənqurma prosesi barədə də danışılır.
BMT-nin məlumatına görə, indiyədək İsrailin hava zərbələri Zolaq boyunca 42 milyon tondan çox dağıntı buraxıb. Bu, Nyu-Yorkdan Sinqapura qədər uzanan yük maşınlarını dolduracaq həddə, böyük dağıntıdır.
Hesablamalara görə, yenidənqurma işləri illərlə çəkə bilər və bunun üçün 700 milyon dollardan çox vəsait lazımdır. İşi partlamamış bombalar, dağıntılar altındakı insan qalıqları daha da çətinləşdirəcək.
Bəni Süheylanın yerləşdiyi və Əbu Nəsirənin ailəsinin evinin yerləşdiyi Xan Yunisdən ən azı 8,5 milyon ton dağıntı təmizlənməlidir.
Bu gün Qəzzada yaranmış digər problem ötən ilin sonundan bu günədək ərazidə toplanan zibillər, dağıntılardır.
Mütəxəssislər bildirir ki, gələcəkdə yenidənqurma və təmizlənmə işlərinin keyfiyyətli təşkili üçün gərək tikinti meydanlarında insanlar olmaya, onlar daha təhlükəsiz yerlərə köçürülməlidir.
İsrailin Qəzzaya havadan və qurudan hücumu HƏMAS döyüşçülərinin İsrailin cənubuna keçməsindən bir gün sonra başlayıb. HƏMAS döyüşcüləri İsraildə 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxınını girov götürüb. Sonradan onlardan çoxu İsrail həbsxanalarında saxlanılan fələstinlilərin müqabilində geri verilib. Ötən ilin noyabrından bu yana ara-sıra atəşkəs razılaşması olsa da, bölgədə vəziyyət gərgin olaraq qalır.