close

Qriqoryan: “Brüssel görüşü başqa ölkələrə qarşı yönəlməyib”

Foto: “armeniatoday”

O, görüşün iqtisadi gündəlik olduğunu deyir

Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken  görüşəcəklər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüssel görüşünün iqtisadi gündəlik olduğunu deyib:

“Bu, Paşinyan-Ursula von der Leyen arasında Qranadakı görüşün davamıdır. İclasda regional və təhlükəsizlik məsələləri müzakirə edilməyəcək, lakin yeni sistem xarakterli məsələlər müzakirə olunacaq”.

Ermənistan müstəqilliyin, ərazi bütövlüyünün, suverenliyinin və demokratiyanın möhkəmlənməsinə töhfə verən ölkələrlə işləyəcək. Bu heç bir başqa ölkəyə qarşı yönəlməyib”, – deyə Qriqoryan əlavə edib.

Onun sözlərinə görə, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır.

Təhlükəsizlik Şurasının katibi yaxın vaxtlarda görüş ilə bağlı daha ətraflı danışmaq imkanının olacağını bildirib.

2023-cü il oktyabrın 5-də Nikol Paşinyan Qranadada Ursula von der Leyen ilə görüşüb.

Onlar həmin görüşdə Qarabağ ermənilərinin regiondan köçü nəticəsində yaranmış vəziyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələləri müzakirə edib.

Avropa Komissiyasının sədri Baş nazirə deyib ki, Aİ ABŞ ilə birlikdə Ermənistana dəstək üçün birgə toplantı təşkil edəcək.

“Bu, Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün ilk addımdır. Avropa və Ermənistanın uzun, zəngin ümumi tarixi var. Bu ümumi tarixdə yeni səhifənin açılmasının vaxtı çatıb”, – o bildirmişdi.

Rəsmi Bakı Brüssel görüşünün Ermənistanı silahlandırmaq məqsədi daşıdığını və Azərbaycana qarşı yönəldiyini iddia edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və Xarici Işlər naziri Stefan Sejournenin fikirlərinə cavab bəyanatında bildirilir.

Türkiyənin Xarici İşlər Nazirliyi də bugünkü görüşün Cənubi Qafqazın “geosiyasi qarşıdurma zonasına” çevrilməsinə gətirib çıxaracağını düşünür:

 “Bu təşəbbüs Azərbaycanın mövqeyinə məhəl qoymur və sülh prosesinə deyil, Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirməyi planlaşdırır”.

Aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycanın Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb”.

“Prezident İlham Əliyev bildirib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. İlham Əliyev anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb”, – deyə məlumatda vurğulanır.

Azərbaycanın rəsmi və hökumətyönlü mediası ABŞ Dövlət katibi Blinkenin Prezident İlham Əliyevlə telefon danışığının yalnız Bakı ilə Yerevan arasındakı münasibətlərlə bağlı olduğunu yazsa da, Vaşinqton tərəflər arasında insan haqlarına da toxunulduğunu bildirib.

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı olub.

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini vurğulayıb

Ana səhifəSiyasətQriqoryan: “Brüssel görüşü başqa ölkələrə qarşı yönəlməyib”