close

Qubad İbadoğlunun işi Avropa Parlamentində də müzakirə olunacaq

Qubad İbadoğlu: Foto: Meydan TV

Qalib Bayramov bu hadisəni yüksək qiymətləndirir

Avropa Parlamentinin 13 sentyabrdakı müzakirələrində iqtisadçı Qubad İbadoğlunun işindən də danışılacaq.

Bu barədə qurumun yaydığı rəsmi məlumatda qeyd edilir.

Bildirilir ki, sentyabrın 13-də insan hüquqları, demokratiya və qanunun aliliyi mövzusunda təxirəsalınmaz müzakirələr keçiriləcək.

Strasburqda keçiriləcək plenar iclasın gündəliyinə həmçinin iqtisadçı Qubad İbadoğlunun həbsi məsələsi də salınıb.

Bir gün sonra, sentyabrın 14-də isə müzakirə edilən məsələlərlə bağlı qətnamə qəbul olunacaq.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bu hadisəni yüksək qiymətləndirir.

O deyir ki, qardaşının beynəlxalq müdafiəsi günbəgün, saatbasaat güclənir.

Artıq nüfuzlu qurumlar da onun təcili azad olunması istiqamətində əməli addımlar atmağa başlayıblar:

“Avropa Parlamenti Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı güclənən beynəlxlaq hərəkata öz əvəzolunmaz töhfəsini verməyə hazırlaşır”.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Ana səhifəXəbərlərQubad İbadoğlunun işi Avropa Parlamentində də müzakirə olunacaq