close

Qubad İbadoğlunun şikayəti yenə təmin olunmadı

Qubad İbadoğlu. Foto: Meydan TV

İqtisadçı təcridxanada da hüquqlarının pozulduğunu deyir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Qubad İbadoğlu saxlandığı Bakı İstintaq Təcridxanasından vəkillərilə əlaqə saxlaya bilmədiyinə görə yenidən məhkəməyə müraciət edib. Yanvarın 30-da Nərimanov Rayon Məhkəməsində onun şikayətinə baxılıb və bu dəfə də təmin olunmayıb.

Məhkəmədə Qubad İbadoğlu özü də iştirak edib. O bildirib ki, qanunsuz və əsassız həbs olunması bir yana, üstəlik, istintaq təcridxanasında da hüquqları pozulur. Onun sözlərinə görə, vəkillərilə əlaqə saxlayıb məhkəmələr və işi ilə bağlı başqa hüquqi məsələlər barədə məlumat ala bilmir.

Vəkil Zibeydə Sadıqova da bu məhdudiyyətin qanunsuz olduğunu vurğulayıb.

Onlar bildirib ki, zəng qadağası ilə əlaqədar Bakı İstintaq Təcridxanasının rəhbərliyinə həm şifahi qaydada, həm də yazılı şəkildə müraciət olunub. Amma nəticəsi olmayıb. Ona görə də bundan öncə bir dəfə də məhkəməyə şikayət ediblər. Lakin məhkəmə də şikayəti rədd edib.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlunun hüquqlarının pozulması prosesi davam etdiyinə görə məcbur olub, yenidən məhkəməyə şikayət veriblər.

Zibeydə Sadıqova. Foto: “Əkinçi”

Məhkəmə iclasında Bakı İstintaq Təcridxanasının nümayəndəsi Qubad İbadoğlu və müdafiəçisinin şikayətinə etiraz edib. Onun sözlərinə görə, ADR sədri bu məsələ ilə əlaqədar təcridxana rəhbərliyinə də şikayət eləməyib.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətQubad İbadoğlunun şikayəti yenə təmin olunmadı