close

Rəsmi Bakıdan 4 diplomatın arzuolunmaz şəxs elan olunmasına reaksiya

Azərbaycanın Tehrandakı səfirliyi. Foto: Reuters

Tehranın bu addımı Azərbaycanla ikitərəfli münasibətlərə xələl gətirir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrandakı səfriliyin və konsulluğun 4 əməkdaşının arzuolunmaz şəxs elan edilməsini yeni xəbər saymır.

Bu barədə XİN-in Mətbuat idarəsinin rəisi Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə, Tehranın bu qərarı aprelin əvvəlində İran Səfirliyinin 4 əməkdaşının arzuolunmaz elan edilməsindən sonra açıqlanıb:

İran tərəfi, Azərbaycanın 6 aprel qərarından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, hələ yanvar ayında səfirliyin təxliyə olunmuş 2 və eyni zamanda, Baş Konsulluğun 2 əməkdaşını arzuolunmaz şəxs elan edib”.

XİN rəsmisi deyib ki, Tehranın bu addımı Azərbaycanla ikitərəfli münasibətlərə xələl gətirir.

Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Tehranla münasibətlərinin çox mürəkkəb olduğunu deyib.

Əliyev bildirib ki, İranla münasibətlərin normalaşması üçün Tehrandan tələbləri var:

“Biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun. Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər olmasa, bu, belə də qalacaq”.

Aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib.

Rəsmi məlumata görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi XİN-ə çağrılaraq ona son zamanlar ölkəsi tərəfindən Azərbaycana qarşı nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti etiraz bildirilib:

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Onların 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib“, – deyə nazirlik qeyd edib.

Qısa xronika

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini İrandan çıxarıb.

Hazırda səfirlikdə onun binasının və oradakı əmlakın mühafizəsini həyata keçirən 5 əməkdaş qalıb.

Bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, Bakı dəfələrlə səfirliyin təhlükəsizliyinin təmin olunmasını tələb etsə də, İran hakimiyyəti bu müraciətlərə məhəl qoymayıb.

Ana səhifəSiyasətRəsmi Bakıdan 4 diplomatın arzuolunmaz şəxs elan olunmasına reaksiya