close

Robert Hanssen – FBI-da rus casusu

Foto: Meydan Tv

Yadigar Sadıqlı

Bugünlərdə həyatını itirmiş casusun həyat hekayəsi

Bir neçə gün əvvəl, iyunun 5-də Kolorado ştatında yerləşən “ADX Florence” maksimum təhlükəsiz həbsxananın təkadamlıq kamerasında Robert Hanssen öldü. Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşı olan Hanssen SSRİ və Rusiya xeyrinə casusluqda ittiham olunaraq ömürlük həbsə məhkum edilmişdi. FBI-ın rəsmi saytında Hanssen “Büro tarixində ən çox zərər vuran agent” kimi təqdim olunur.

***

Bob Hanssen 1944-cü il aprelin 18-də İllinoys ştatı, Çikaqo şəhərində anadan olub. Norveç kökənli atası polis idi. Kolleci bitirdikdə bir qədər əmək fəaliyyəti ilə məşğul olur, sonra Şimal-Qərb universitetinə daxil olur, burada mühasibat uçotu və informasiya sistemləri üzrə magistr dərəcəsi alır.

Özü protestantlığın lüteran qoluna aid olan Bob 1968-ci ildə Bernadett Vok ilə evlənir və qatı katolik olan arvadının təsiri ilə katolikliyi qəbul edir. Özü də qatı dindara çevrilir, katolikliyin bütün ayinlərinə riayət edir, Opus Dei təşkilatına üzv olur. Cütlüyün altı övladı dünyaya gəlir, belə çoxuşaqlılıq da dindarlığın göstəricisi idi: katolik kilsəsi abortu və qorunmağı qadağan edir. 

1972-ci ildən Çikaqo polis departamentində məhkəmə mühasibatında ekspert işləyən Hanssen 1976-cı ilin əvvəlində FBI-da işə götürülür. Yanvarın 12-də FBI agenti kimi Birləşmiş Ştatlar Konstitusiyasına əməl etməyə, onu daxili və xarici bütün düşmənlərdən qorumağa and içir.

Büroda karyerasına İndiana ştatında cinayət işlərini araşdırmaqla başlayan Robert Hanssen iki il sonra Nyu-Yorka köçürülür. 1979-cu ildə Büronun əks-kəşfiyyat departamentinə təyin olunur və sovet kəşfiyyatına qarşı işləmək tapşırılır. Hələ orta məktəbdə rus dilini öyrənməsi bu amildə əsas rol oynayır.

Bob Hanssen yeni vəzifəyə təyin olunar-olunmaz SSRİ-nin Ticarət nümayəndəliyinin çətiri altında fəaliyyət göstərən Baş Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqə saxlayaraq pul müqabilində informasiya təklif edir. Bu zaman Hanssen ruslara özünün əsl adını demir, Ramon Qarsiya təxəllüsünü götürür.

Yalançı Qarsiyanın ilk casusluq dövrü iki il çəkir və 1981-ci ildə yekunlaşır. Evdə külli miqdarda pul tapan Bernadett ərini sorğu-suala tutur və doğru cavab alandan sonra casusluğu dayandırmağı, keşiş yanına gedərək tövbə etməyi tələb edir. Keşiş də aldığı pulu kilsəyə ianə etmək şərti ilə Bobun günahlarını bağışlayır.

Casusluğunun birinci dövründə Hanssenin verdiyi əsas məlumat QRU generalı Dmitri Polyakovun amerikalılara işləməsi oldu. Moskvada bu məlumata o qədər də inanmadılar. Polyakov həbs olunmadı, amma hər ehtimala qarşı məxfi məlumatlardan uzaqlaşdırıldı. Yalnız 1985-ci ildə CIA əməkdaşı Oldriç Eyms də Polyakovun adını verdikdə general həbs olundu və 1988-ci ildə güllələndi.

***

Robert Hanssen isə 1981-ci ildə Vaşinqtona, FBI-ın kəşfiyyat departamentinin büdcə şöbəsinə təyinat alır. Burada o, daha çox məxfi məlumat əldə etmək imkanı qazanır, amma arvadına və keşişə verdiyi sözə bir müddət sadiq qalaraq casusluq etmir. Bu illər ərzində o, FBI-da analitik və kompüter mütəxəssisi kimi böyük nüfuz qazanır. Eyni zamanda qapalılığı, qatı dindarlığı üzündən çox az adamla yaxın münasibət qurur. Başqa sözlə, həmkarları ona yaxşı mütəxəssis kimi hörmət edirdilər, amma dostluq etmirdilər.

1985-ci ildə onu yenidən Nyu-Yorka köçürürlər. Oktyabrın 1-də Vaşinqtonda səfərdə olarkən SSRİ-nin başqa bir xüsusi xidmət orqanı – Dövlət Təhlükəsizlik Komitəsi (KQB) ilə əlaqə saxlayaraq əməkdaşlıq təklif edir və bu təşəbbüsü qəbul olunur.

Sonralar istintaqa verdiyi ifadəsində Hanssen satqınlığını maddi səbəblərlə izah edəcək. Dörd illik fasilədən sonra məhz Nyu-Yorka köçəndə ruslarla əməkdaşlığı bərpa etməsi bunun dolayı sübutu ola bilər. Nyu-York xeyli bahalı şəhər idi və burada 8 nəfərlik ailənin dolanışığı üçün daha çox pul tələb olunurdu.

Hanssen casusluğunun ikinci dövrünün başlanğıcında ABŞ-a işləyən üç sovet kəşfiyyatçısının  – Boris Yujin, Valeri Martınov və Sergey Motorini ələ verir. Onun xəbəri yox idi ki, Oldriç Eyms daha əvvəl həmin zabitlərin adını vermişdi. Martınov və Motorin məhkəmənin hökmü ilə güllələndilər, Yujin isə 15 il həbsə məhkum olundu, 1992-ci ildə əfv edildi və iki il sonra ABŞ-a köçdü.

Ruslara ötürülən başqa bir ciddi informasiya isə Vaşinqtonda tikilən yeni sovet səfirliyinin altında amerikalıların dinləmə tuneli qazmaları (“Monopoliya” əməliyyatı) idi. Bina SSRİ-nin süqutundan sonra, 1994-cü ildə istifadəyə verildi və amerikalılar heç bir ciddi məlumat əldə etməmələrinə təəccübləndilər. Yalnız Hanssen həbs olunduqda bunun səbəbi aydın oldu. Beləliklə, “Monopoliya”ya xərclənən yüzmilyonlarla dollar hədər oldu. Moskva bu informasiyaya görə öz casusuna 55 min dollar (indiki kursla 130 min dollara ekvivalentdir) ödəyir.

SSRİ-nin dağılması Robert Hansseni hürküdür və o, bir müddət əməkdaşlığı dayandırır. Amma artıq 1 il sonra, sovet səfirliyinin qarajında rusların kəşfiyyat zabitinə yaxınlaşır, özünü Ramon Qarsiya kimi təqdim edir və əməkdaşlıq etmək istədiyini deyir. Amma bu ad zabitə tanış deyildi. Hanssen istədiyinə nail olmur və cəhdini dayandırır.

1999-cu ildə Bob Hanssen özü barədə araşdırma aparılıb-aparılmadığını öyrənmək üçün əvvəlcə FBI-ın axtarış sisteminə daxil olaraq adını axtarışa verir. Bir şey tapmadıqda, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ilə əlaqə yaradır. “Ramon Qarsiya”nın əməkdaşlığının üçüncü mərhələsi 2001-ci ilin fevralın 18-də həbs olunana qədər davam edir.

***

Kəşfiyyatın qaydalarından biri öz məlumat mənbəyini qorumaqdır. Buna görə də agentin verdiyi iformasiya ilə ehtiyatla işlənilir: məsələn, satqınlığı məlum olan adamları dərhal həbs etmirlər. Sovet kəşfiyyatı isə Eyms və Hanssenin ifşa etdiyi adamları birdən həbs etdi. Bu da amerikalılarda sızma olması qənaətini yaratdı və araşdırmalara başlamağa sövq etdi.

Robert Hanssen. Foto: “milliyet.com.tr”

Araşdırmalar, nəhayət, 1994-cü ildə Oldriç Eymsin həbsinə səbəb oldu. Eymsin ifşası bir çox suallara aydınlıq gətirdi, amma hamısına yox. Elə sızmalar vardı ki, Eyms onlar haqqında xəbərdar ola bilməzdi. FBI-nın Dövlət departamentinin əməkdaşı Feliks Bloxla bağlı apardığı istintaq belə hallardan biri idi.

Bloxun 1989-cu ilin mayında Parisdə Reyno Gikman adına saxta Finlandiya pasportu daşıyan, əslində sovet agenti olan birisi ilə görüşü Fransa əks-kəşfiyyatı tərəfindən qeydə alınır. Fransızlar məlumatı amerikalı həmkarları ilə bölüşürlər və FBI Blox haqqında araşdırmaya başlayır. Amma Hanssen KQB-ni xəbərdar edir. Nəticədə Gikman təcili Moskvaya çağrılır, Bloxla bütün əlaqələr kəsilir. Nəticədə onun casusluğunu sübut etmək mümkün olmur.

Oldriç Eyms həmin dövrdə 3 il idi ki, Romada işləyirdi və Bloxun istintaqından məlumatsız idi. Deməli, məsələsini ruslara başqası xəbər vermişdi. FBI şərti olaraq “Boz kostyum” adı verdikləri həmin adamın axtarışını davam etdirdi.

Amma bu axtarışlar uzun müddət nəticə vermədi. Bir yandan ikinci xain də CIA əməkdaşları arasında axtarılırdı, digər yandan Hanssen ruslarla əməkdaşlığa ara vermişdi. Üstəlik, Hanssen özündən şübhələnmək üçün əsas da vermirdi. Qatı katolik olan birinin ateist sovetlərə satılması inandırıcı deyildi. Bundan əlavə, casusluq dövründə Moskvadan 1,4 milyon dollar ekvivalentində pul, daş-qaş və qiymətli əşyalar almasına baxmayaraq (Eymsin 4 milyondan çox aldığı söylənilir), Hanssen təvazökar həyat tərzi keçiridi, səkkiz nəfərlik ailənin zorla yerləşdiyi evdə yaşayırdı, “Ford Taurus” sürürdü.

Hanssen casusluq üçün köhnə üsullardan istifadə edirdi və heç zaman ruslarla üzbəüz görüşmürdü. O, hazırladığı məlumatları zibil üçün qara torbaya bükərək məxfi yerə qoyur, özü üçün hazırlanan pulu götürürdü. Elektron avadanlıqdan və proqramlardan istifadə etməməsi ifşasını çətinləşdirirdi.

Bununa belə,  müəyyən siqnallar da yox deyildi. Hanssendən şübhələndiyini ilk xəbər verən qaynı, özü də FBI əməkdaşı olan Mark Vok olur. O, deyəsən, hələ 1981-ci ildə bacısının, Robertin arvadının evdə əlavə pul tapması əhvlatını eşitmişdi. 1997-ci ildə FBI-ın başqa bir agenti Erl Edvin Pitts Rusiya xeyrinə casusluğa görə həbs olundu. İstintaqla əməkdaşlıq edəcəyi təqdirdə daha yüngül cəza vəd edilən Pittsdən FBI-da başqa rus casusu barədə bir şey bilib-bilməməsi soruşuldu. Pitts dəqiq bir şey bilmədiyini, amma Hanssendən şübhələndiyini söylədi. Amma rəhbərlik bu siqnalları əsassız saydı.

Nəhayət, araşdırmalarla bir nəticə əldə etməyən amerikalılar adi rüşvət yolunu tutdular. Aleksandr Şerbakov adlı rus kəşfiyyatçısına (həqiqətən bu adda adamın olub-olmaması diskussiya mövzusudur) “Boz kostyum” haqqında informasiyaya görə, 7 milyon dollar vəd edildi. Yuxarıda dediyim ki, ruslar özləri də casusun həqiqi adını bilmirdilər, amma amerikalılara verilən dosyedə bəzi ipucular vardı.

Bunlardan biri “Ramon Qarsiya”nın 1986-cı sovet zabiti ilə telefon danışığının səs yazısı idi. Həmin yazıya qulaq asan FBI agentləri onu Bob Hanssenin səsinə oxşadırlar. İkinci ipucu “Qarsiya”nın öz səhvinin nəticəsi idi. O, ruslara ötürdüyü qara torbaların birində barmaq izini buraxmışdı. Agentlər həmin barmaq izinin Hanssenə məxsus olduğunu təsbit edirlər.

Dosyedə “Ramon Qarsiya”nın ruslara ötürdüyü məlumatlar haqda bilgilər də vardı. Həmin bilgilər FBI agentlərini dəhşətə gətirir. Təkcə onu demək kifayətdir ki, bu məlumatlar içində “Birləşmiş Ştatlar federal hökumətinin fəaliyyətinin davamlılığı” (United States federal government continuity of operations – COOP) planı da vardı. Həmin plan nüvə müharibəsi və ya digər ciddi fəlakətlər zamanı federal hökumətin öz fəaliyyətini davam etdirməsi üçün hazırlanmışdı. Planda başqa detallarla yanaşı dövlət rəhbərlərinin, Konqres üzvlərinin gizlənəcəkləri yeraltı sığınacaqların məkanı göstərilirdi (COOP indiyə qədər bir dəfə – 11 sentyabr terroru zamanı işə salınıb).

Bu sübutlar FBI agentləri üçün xainin kim olduğunu müəyyənləşdirsə də məhkəmə üçün yetərli olmaya bilərdi. Hanssen ruslarla telefon danışığını istənilən şəkildə izah edə bilərdi: məsələn, özünün yox, əks tərəfin casusluq etdiyini deyərdi. Barmaq izi olan torbada məhz məxfi sənədlərin verildiyini sübut etmək də imkansız idi. Daha möhkəm sübutlar lazımdı. Hansseni material ötürən yerdə cinayət başında, necə deyərlər, “tüstülənən tapança” ilə tutmaq qərara alındı.

Həmin vaxt Dövlət departamentində FBI ilə əlqaləndirici işləyən Hanssen 2000-ci ilin dekabrında Büronun mərkəzi mənzil-qərargahına gətirildi. Məxsusi onun üçün yeni vəzifə təsis olundu: indi o, FBI kompüter təhlükəsizliyinə cavabdeh idi. Kabineti gizli kameralarla və dinləyici qurğularla təchiz olunmuşdu. Köməkçisi təyin olunan Erik  O’Nil əslində FBI daxilində Xüsusi Nəzarət Qrupunun (Special Surveillance Group, SSG) üzvü idi. İndi “Boz kostyum” gecə-gündüz nəzarət altında idi.

SSG üzvləri Hanssenin avtomobilinə siqnal ötürücü qurğu qoydular. 2001-ci ilin yanvarın 30-da avtomobildə axtarış aparıldı və Hanssendə olmalı olmayan məxfi sənədlərin surəti, qara zibil torbası və skotç aşkarlandı. O’Nil rəisinin heç vaxt gözündən uzağa qoymadığı Palm Pilot cib kompüterini qısa müddət ələ keçirə bilir və oradakı məlumatları köçürür. Nəticədə Hanssen əleyhinə əlavə sübutlarla yanaşı onun fevralın 18-də Fokstaun parkında material ötürəcəyi barədə məlumat əldə edirlər.

Həmin gün Bob Hanssen Fokstaun parkının girəcəyində maşınını saxladı, qara torbaya bükülmüş bağlama ilə düşdü. Həmin bağlamanı parkın girəcəyinə yaxın yerləşən taxta körpünün alt tərəfinə skotçla yapışdırdı. Geri qayıdarkən FBI əməkdaşalrı tərəfindən həbs oldundu. Bu zaman onun reaksiyası “niyə belə gec?” sözləri oldu.

Toplanan sübutlar Robert Hanssenin günahkar olmasına şübhə saxlamırdı. İttiham tərəfinin məhkəmədə uduzması imkansız idi. Bununla belə, “Ramon Qarsiya”nın vurduğu zərər barədə daha ətraflı məlumat almaq üçün müttəhimə sövdələşmə təklif olundu: o, casusluğu barədə müfəssəl məlumat verir, əvəzində ittiham onun üçün edam cəzası deyil, ömürlük həbs istəyir.

İyulun 6-da Hanssen özünü 13 casusluq aktında, 1 casusluq aktı cəhdində və casusluq məqsədilə əlbir olmaqda günahkar bildi. 2002-ci mayın 10-da məhkəmə onu vaxtından əvvəl azadlığa çıxmaq hüququ olmadan 15 dəfə ömürlük həbs cəzasına məhkum etdi. Robert Hanssen həbsdə 22 ildən çox keçirdikdən sonra 2023-cü il iyunun 5-də 79 yaşında təkadamlıq kamerasında ölü tapıldı.

***

Hanssenin ifşa olunması ABŞ-da böyük ajiotaj doğurdu. Ədliyyə nazirliyi casusun bu qədər uzun müddət fəaliyyət göstərə bilməsinin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaratdı. Komissiya əhvalatı “ABŞ tarixində, ola bilsin, ən böyük kəşfiyyat fəlakəti” adlandırdı.

Robert Hanssen haqqında xeyli məqalələr, kitablar yazıldı. Kitablardan birinin müəllifi Erik  O’Nil idi. Bundan əlavə sənədli filmlər, televiziya filmi və 2007-ci ildə “Breach” adlı bədii film çəkildi.

Ana səhifəMənim FikrimcəRobert Hanssen – FBI-da rus casusu