close

Rusiyada MSK jurnalistin prezidentliyə namizədliyini qeydə almayıb

Yekaterina Duntsova. Foto: Telegram

Yekaterina Duntsova qərardan Ali Məhkəməyə şikayət etmək niyyətindədir

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 17-də keçiriləcək Prezident seçkilərində namizəd olmaq istəyən jurnalist Yekaterina Duntsovanı qeydə almaqdan imtina edib.

MSK sədri Ella Pamfilova komissiyanın iclasında Yekaterina Duntsovaya deyib ki, sən gənc qadınsan, hər şey qarşıdadır.

Yekaterina Duntsova “Telegram” səhifəsində yazıb ki, imtinanın rəsmi səbəbi kimi “seçici qrupu yaradılmayıb” göstərilib.

“Dünənki iclasda müəyyən edilmiş “nöqsanların” heç biri təşəbbüs qrupunun qeydiyyatından imtina barədə qərarın əsasını təşkil etmir. Sənədlərin icrasındakı qüsurlar qanunvericilikdə imtina üçün əsas kimi nəzərdə tutulmayıb”, – Duntsova belə yazıb.

Jurnalist bildirib ki, qərardan Ali Məhkəməyə şikayət etmək niyyətindədir.

Rusiyada Prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

İndiyə qədər hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyi irəli sürülüb.

Eyni zamanda, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xariton, Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin və Donetskdəki rusiyayönlü separatçıların keçmiş hərbi lideri İqor Strelkov (Qirkin) artıq seçkilərdə iştirak etmək niyyətlərini bəyan ediblər.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplamışdı.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub. O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Ana səhifəDünyaRusiyada MSK jurnalistin prezidentliyə namizədliyini qeydə almayıb