close

Ruslan İzzətli hərbi təlimlərə çağırılıb

Ruslan İzzətlinin şəxsi arxivi

“Dedilər ki, təlimlər Prezidentin tapşırığıdır”

III Respublika Platformasının üzvü Ruslan İzzətli hərbi təlimlərə çağrılıb.

Bu barədə Ruslan İzzətli Meydan TV-yə məlumat verib.

O bildirib ki, yanvarın 31-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən ona zəng ediblər və fevralın 1-də rayona gəlməsini istəyiblər:

“Dedim ki, əvvəlcədən məlumat verilmədiyi üçün fevralın 2-də gələcəyəm. Razılaşdıq ki, həftənin 5-ci günü xidmətin Ağdam şöbəsində tibbi komissiyadan keçim. Onlara dedim ki, 2020-ci ilin mayında hərbi xidmətə aparılanda səhhətimdə, böyrəklərimdə ciddi problemlər vardı. Amma Müdafiə Nazirliyi məni məcburi hərbi xidmətə apardı və xidmətin 3-cü ayında əməliyyat olundum”.

Ruslan İzzətli xidmətin əməkdaşlarına hərbi xidmətdə olduğunu və 44 günlük II Qarabağ müharibəsində iştirak etdiyini desə də, ona təlimlərin Prezidentin tapşırığı ilə keçirildiyini deyiblər:

“2 il əvvəl hərbi xidmətdən qayıtdığımı xatırlatdım. Dedilər ki, bizlik deyil, Prezidentin tapşırığıdır. Gedəndə tibbi sənədlərimi aparacağam, amma yenə də müvafiq komissiyanın müsbət qərar verəcəyinə inanmıram. Mən bir daha xatırlatdım ki, hətta sağlamlığımda problem olanda hərbi xidmətdən və 2020-ci il müharibəsindən yayınmadım. Halbuki həkimlərim və komandirlərim döyüşə qatılmağımı istəmirdilər. Çünki əməliyyat olunmuşdum. Əgər hərbi tibbi komissiya “qatıla bilərsən” desə, yenə də təlimlərə qatılacağam”.

Amma o, bunun siyasi sifariş olduğunu da istisna etmir:

“Fevralın 2-də bunun siyasi fəaliyyətdən uzaqlaşdırılmaq, yoxsa prosedur olduğunu biləcəyəm. Əgər ikincisidirsə, təlimlərdə iştirak edəcəyəm. Məsələ ondadır ki, mənimlə döyüşdə olanların heç birini hərbi təlimlərə çağırmayıblar”.

İzzətli hakimiyyətin narahatlığını fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisi ilə əlaqələndirir:

Görünən odur ki, 7 fevral seçkisindən hakimiyyət çox gərgindir. Gərginliyini yandaş ekspertlərindən və mediada gedən yazılarda, video sujetlərdə görmək olur. Amma anlamıram bu qədər rahat və problemsiz keçirəcəkləri seçkidən niyə narahatdırlar? Guya seçki günü yayılan bir iki video və ya bir iki nəfərin danışması nəticənimi dəyişir? Görünən odur ki, Qarabağ qələbəsi fonunda seçki saxtakarlığı alqısının yaranmasını istəmirlər“, – deyə o qeyd edib.

Meydan TV Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məsələyə münasibət öyrənə bilməyib.

Səhhətində ciddi problemlərin olduğunu deyən Ruslan İzzətli 2020-ci il mayın 25-də hərbi xidmətə aparılıb.

O, hərbi xidmətdə olarkən əməliyyat olunub və yenidən xidmətinə davam edib.

II Qarabağ müharibəsində iştirakına görə İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif olunub.

İzzətli həmin ərəfədə əsgər aparıldığını da siyasi sifariş sayırdı.

O, 2020-ci il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub.

Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.

Həmin dairədə yenidən seçki keçirilməlidir.

Ruslan İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət vermişdilər.

Şikayətlər qəbul olunduğundan dairə üzrə nəticələr ləğv edilmişdi.

Ruslan İzzətli 2023-cü ildə təsis edilən III Respublika Platformasının Qurucu Heyətinin üzvüdür.

Ana səhifəSiyasətRuslan İzzətli hərbi təlimlərə çağırılıb