close

Sabah Qubad İbadoğlunun apelyasiya şikayətinə baxılacaq

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

ADR sədrinin həbsindən şikayət verilib

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə iyulun 28-də baxılacaq. Qubad İbadoğlunun həbsilə bağlı məsələ Bakı Apelyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrliyilə araşdırılacaq.

Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ertəsi gün – iyulun 24-də Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti də həmin qərardan verilib.

Vəkil Zibeydə Sadıqova apelyasiya şikayətində Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas olmadığını vurğulayıb.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandıqdan sonra onun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki. həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, oradan istifadə eləmir.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən şəxsən Prezident İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətSabah Qubad İbadoğlunun apelyasiya şikayətinə baxılacaq