close

Zeynəb Xanlarovanın qudası haqqında məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb

Foto: Meydan TV

AMEA-dakı yeyintilərlə bağlı işdə şahid olanlar məhkəməyə gəlmir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda yeyintilərlə bağlı məhkəmə araşdırmaları davam edir. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində dayananlar isə institutun keçmiş elmi işçisi, tarixçi alim Səbuhi Hüseynov, eləcə də bu institutun şöbə müdiri olmuş, həyat yoldaşı Gülüstan İsayevadır. Lakin onların heç biri özlərini təqsirli bilmir. Əksinə, orada baş verən korrupsiya hallarına görə, institutun keçmiş direktoru Maisə Rəhimovanı ittiham edirlər.

Maisə Rəhimova istintaq dövründə şahid qismində dindirilib. Elə məhkəməyə çağırılan şahidlər siyahısında da adı var. Lakin hələ məhkəməyə gəlməyib.

Ümumiyyətlə, bu cinayət işi üzrə 43 nəfər şahid qismində məhkəmədə dindirilməlidir. Onlardan cəmi 4 nəfər indiyədək gəlib ifadə verib. Digərlərinə çağırış göndərilməsinə baxmayaraq, onlar gəlməyib. Bu səbəbdən hakimlər qərar verib ki, qalan bütün şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılsın. Məcburi gətirilmə qərarı isə o deməkdir ki, həmin şəxslər polis vasitəsilə məcburi şəkildə məhkəməyə gətirilir.

Haqqında məcburi gətirilmə qərarı çıxarılan şahidlər arasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktoru Maisə Rəhimova, bu qurumun baş mühasibi də var.

Təqsirləndirilən şəxslər Gülüstan İsayeva və həyat yoldaşı Səbuhi Hüseynov 92 min manatlıq mənimsəmədə ittiham olunur. Lakin onlar hesab edir ki, əksinə, institutdakı korrupsiya hallarına etirazlarına, qanunsuzluqlar haqda şikayətlərinə görə şərləniblər.

Gülüstan İsayeva iddia edir ki, Ramiz Mehdiyev Elmlər Akademiyasının prezidenti olarkən institutdakı qanunsuzluqlarla bağlı yoxlama aparılıb. Nəticədə 2 milyon 330 min manatlıq yeyinti aşkar olunub:

“Müəyyən olundu ki, həqiqətən də institutda qanun pozuntuları olub. İşləməyən adamlara əməkhaqqı ödənilib, görülməyən işə görə pullar xərclənib. Amma sonra necə oldusa, aşkar olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilmədi. Sadəcə, Maisə Rəhimova işdən çıxarıldı…”.

Maisə Rəhimova. Foto: “konkret.az”

Maisə Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərdən 92 min 700 manat mənimsəməkdə təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  ittiham irəli sürülüb.

Onlar hazırda həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Ana səhifəSosialZeynəb Xanlarovanın qudası haqqında məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb