close

Vitali Balasanyana qarşı Ermənistanda cinayət işi açılıb

Vitali Balasanyan. Mənbə: “aravot.am”

O, qanunsuz silah saxlamaqda ittiham olunur

“Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlamaqla bağlı cinayət işinin açıldığı deyilir. 

Bu barədə oktyabrın 25-də “Armenia Today”a Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. Qor Abramyan Vitali Balasanyanın “Makarov” tipli tapança təhvil verdiyini qeyd edib:

Bu fakt üzrə ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi ilə (qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) cinayət işi başlanıb. Ona maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Oktyabrın 13-də Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılmışdı. Balasanyanın vəkili Rafael Martirosyan müdafiə etdiyi şəxsin dindirildiyini, amma başqa şəxslərin, xüsusən də generalların bu iş üzrə dindirilməyə dəvət olunacağını düşünmədiyini demişdi.

Vitali Balasanyan 1959-cu ildə Əsgəran rayonunda anadan olub. O, 1990-cı ildə Yerevan kooperativ ticarət texnikumunu, 2011-ci ildə isə Ermənistan Dövlət İqtisadiyyat Universitetini bitirib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlanan 1988-ci ildə V.Balasanyan Əsgərandakı özünümüdafiə hissələrindən birinə rəhbərlik edib. 2 il sonra isə özünümüdafiə qüvvələrinin komandiri seçilib.

V.Balasanyan 1999-cu ilin sentyabrında 2005-ci ilə kimi tanınmamış “DQR-in müdafiə nazirinin müavini” olub.

2000-2005-ci illərdə o həm də “Artsax müharibəsi veteranları ittifaqı” ictimai təşkilatının sədri olub.

Bir müddət öncə Ermənistanın keçmiş müdafiə naziri, Birinci Qarabağ müharibəsinin əsas iştirakçılarından sayılan Seyran Ohanyana da cinayət işi açılıb. Fevralın 8-də isə Ermənistan parlamenti onun deputat toxunulmazlığını ləğv edib.

Ana səhifəDünyaVitali Balasanyana qarşı Ermənistanda cinayət işi açılıb