close

“Sərxan” kod adı ilə casusluqda təqsirləndirilən Qalstyanın istintaqı yekunlaşıb

Sarkis Qalstyan həyat yoldaşı ilə. Foto: Sputnik-Ermənistan

O, Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına məlumat ötürməkdə günahlandırılır

Ermənistanda casusluqda ittiham olunan Sarkis Qalstyanın işi üzrə istintaqın yekunlaşdığı bildirilir.

Ermənistan İstintaq Komitəsi bu barədə məlumatı “Facebook” səhifəsində yayımlayıb.

Bildirilib ki, istintaq Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə birgə aparılıb.

Məlumata görə, Sarkis Qalstyan 2018-2023-cü illərdə qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) hakimiyyəti orqanlarında müxtəlif dövlət vəzifələrində çalışıb.

“Şuşa icra başçısı”nın müavini, “Hərbi vətənpərvərlik, Gənclər, İdman və Turizm Nazirliyi”nin aparat rəhbəri, “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi”nin aparat rəhbərinin müavini, “DQR -in prezidenti”nin aparat rəhbərinin müavini olub.

İttiham tərəfinin fikrincə, hərbi vəziyyətdən və əhalinin sosial-psixoloji durumundan xəbərdar olan Qalstyan 2020-ci ilin noyabrında Azərbaycan xüsusi xidmətinin əməkdaşı tərəfindən ələ alınıb və “Sərxan” kod adı ilə casusluğa başlayıb.

O, 2020-2023-cü illər ərzində Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına Ermənistanın xarici təhlükəsizliyi, Ermənistan və Qarabağdakı separatçıların siyasi mövqeləri, 2023-cü il sentyabr hadisələri zamanı Ermənistan tərəfindən mümkün hərbi dəstək, əhalinin ehtiyaclarını ödəmək üçün zəruri olan ərzaq və digər maddi resursların mövcudluğu, silahlanma, mümkün hərbi müqavimət və oxşar xarakterli digər məlumatları Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına ötürüb.

Qalstyan 2023-cü il sentyabrın 19 və 20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal əməliyyatdan sonra Xankəndidə qalan az sayda ermənilərdəndir.

Hətta erməni mediası Qalstyanın Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edilməsi barədə məlumatlar da yaymışdı.

2024-cü il martın 29-da Qarabağdan Ermənistana gedən Sarkis Qalstyan casusluq ittihamı ilə həbs olunub.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir və hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasət“Sərxan” kod adı ilə casusluqda təqsirləndirilən Qalstyanın istintaqı yekunlaşıb