close

Paşinyan “Erməni tarixi”ni “Ermənistan tarixi”nə dəyişdi

Nikol Paşinyan Foto: Meydan TV

“Bu, etnik əsaslı yanaşmadan imtina, dövlət əsaslı yanaşmaya keçid sayılmalıdır”

Ermənistan hökuməti iyulun 11-də keçirilən iclasında “Erməni xalqının tarixi” (Erməni tarixi) məktəb fənninin adını dəyişib.

Xəbəri “Azadlıq” radiosunun Ermənistan xidməti – “Azatutyun” yayıb.

Bildirilir ki, hökumət “Erməni tarixi” fənninin adının “Ermənistan tarixi” adı ilə əvəzlənməsinə dair qətnamə qəbul edib.

Baş nazir Paşinyan qərarın vacibliyini belə izah edib:

“Dərsliyin adı bu şəkildə dəyişdirilir ki, ictimai həyatın mərkəzində dövlət dayansın. Mən “Erməni xalqının tarixi” ilə “Ermənistan tarixi” arasındakı fərqi necə görürəm? “Ermənistan tarixi” dövlətin hətta mövcud olmadığı dövrlər də daxil dövlətin varlığı və inkişafının nəqlidir. Amma “Erməni xalqının tarixi” dövlətin mövcud olduğu dövrlər də daxil adamların tarixinin nəqlidir. Bu konseptual fərq mühüm əhəmiyyətə malikdir və bizim üçün əsas olanı dövlətin varlığı strategiyasıdır”.

Paşinyan deyib ki, bütün hərəkətlərdə “real Ermənistan” ideyası rəhbər tutulmalıdır:

“Dövlətin maraqlarına zidd olan bütün yanaşmalar tədricən sıxışdırılmalı və nəticədə ləğv edilməlidir. Fənn adının dəyişdirilməsi diqqəti təkcə Ermənistan dövlətinin tarixinə deyil, həm də erməni xalqının tarixinə yönəldir”.

Onun sözlərinə görə, bu, etnik əsaslı yanaşmadan imtina, dövlət əsaslı yanaşmaya keçid sayılmalıdır:

“Biz dövlətçiliyi, müstəqilliyi və suverenliyi strategiya və siyasətimizin mərkəzinə gətiririk. Dövlət tamamilə başqa düşüncə, başqa mədəniyyət, başqa baxışdır və biz özümüzdə qüvvə tapıb etiraf etməliyik ki, bu düşüncə bizim üçün heç də hər yerdə və hər vaxt anlaşılan deyil”.

Paşinyan hesab edir ki, hökumət və dövlət qurumları bu istiqamətdə real iş görməlidir:

“Onlar “emosional xalqdan dövlətçi xalqa” keçidi təmin etməlidirlər”

“Azatutyun” yazır ki, bu məsələ Ermənistanda birmənalı qarşılanmır.

Sayt xatırladır ki, fevralda təhsil naziri Janna Andreasyan Milli Məclisdə müxalifətin bu mövzuda tənqidlərinə cavab olaraq bəyan etmişdi:

“Biz Ermənistanda yaşayırıq və məktəblərimizdə Ermənistan tarixi tədris olunmalıdır”.

Bildirilir ki, “Erməni tarixi” adının “Ermənistan tarixi” adı ilə əvəzlənməsi ideyasına görə əsas mübahisələr hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalifət deputatları arasında gedir.

Hakim partiya bəyan edib ki, “Ermənistan tarixi” adına qarşı çıxanlar Ermənistana qarşı çıxırlar.

“Azatutyun” yazır ki, tarixçi dairələri, o cümlədən Elmlər Akademiyasının Tarix İnstitutu və Dövlət Universitetinin tarix fakültəsi Təhsil Nazirliyinin təşəbbüsünü o qədər də müsbət qarşılamayıblar.

Onların qənaətincə, “Erməni tarixi” və “Ermənistan tarixi” dövlətçilik tarixi ilə yanaşı, Ermənistan və ermənilərin tarixidir və bunları bir-birindən ayırmaq düzgün deyil.

Təhsil rəsmiləri vurğulayırlar ki, dərslik adının dəyişdirilməsi onun məzmununda ciddi dəyişikliklərə səbəb olmayacaq və söhbət yalnız tarixə yanaşmadan gedir.

Bundan əvvəl Baş nazir Nikol Paşinyan bir neçə dəfə xalqı “real Ermənistanla” “tarixi Ermənistan” arasında seçim etməyə çağırmış və bunun yarada biləcəyi mümkün təhlükələrdən bəhs etmişdi.

Ana səhifəDünyaPaşinyan “Erməni tarixi”ni “Ermənistan tarixi”nə dəyişdi