close

Şirvanda polislə vətəndaş arasında qalmaqalı çəkib yayan cəbhəçi həbs olunub

Foto: Mehman Əliyevin şəxsi arxivindən

Polis ondan çəkdiyi videonu silməyi tələb etsə də, razılaşmayıb: “Onu yox eləsəm, səhəri gün yenə də eyni şey baş verəcək”

Bu günlərdə Şirvan şəhərində çəkilən və sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfər kişi kəsici alətlə özünə xəsarət yetirərək polislərin onu narkotiklə şərləməyə cəhd etdiyini deyirdi.

Həmin görüntülərdə eyni zamanda, ətrafdakı mülki geyimli şəxslər özünə xəsarət yetirən kişini saxlamağa çalışırdı.

Bundan bir gün sonra – mayın 24-də məlum oldu ki, həm özünə xəsarət yetirən 37 yaşlı Əli İsayev, həm də baş verənləri kənardan telefonla çəkmiş Mehman Əliyev həbs olunub.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin narkotik ittihamı irəli sürülüb.

41 yaşlı Mehman Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. Həm üzvü olduğu partiya, həm də yaxınları narkotik ittihamının əsassız olduğunu, onun çəkdiyi videoya görə şərlənərək həbs edildiyini bildirir.

Şirvan sakini Aydın Əliyev də oğlunun çəkib yaydığı videogörüntülərə görə cəzalandırıldığını düşünür.

O bildirib ki, özünə xəsarət yetirən Əli İsayev qohumdur.

Mehman Əliyev də qohumuna qarşı baş verənləri çəkib və yayıb.

Aydın Əliyevin dediyinə görə, oğlu səs-küy eşidib, çıxanda isə mülki geyimli şəxslərin qohumu Əlini tutmağa cəhd etdiyini görüb.

Həmin vaxt Əli İsayev qışqıraraq, polislərin onu şərləməyə çalışdıqlarını deyirmiş:

Mehman orada baş verənləri çəkməyə başlayıb. Deyib ki, çəkiliş gedə-gedə üst-başını axtarın. Polislər isə Əlini zorla tutub aparmağa çalışıb. Bu vaxt o, özünə xəsarət yetirib – qolunu kəsib. Bundan sonra onu buraxıblar. Amma sonra ikisini də tutublar”.

Yaxınlarının bildirdiyinə görə, həmin hadisədən sonra polislər Mehman Əliyevdən çəkdiyi videonun silinməsini istəyib. Lakin o, silməkdən imtina edib, əksinə, sosial şəbəkələrdə yayıb.

Mehman Əliyevin həbsindən sonra yayılan səs yazısından da məlum olur ki, hadisədən sonra Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı ondan videonu silməsini istəyib.

Sözügedən səs yazısında Bəhruz adlı polis əməkdaşı Mehman Əliyevə zəng edərək, onunla görüşmək istədiyini bildirir.

Mehman Əliyev ondan görüşün səbəbi və məqsədi haqda soruşsa da, qarşı tərəf konkret cavab vermir.

Bir neçə dəfə israrla soruşandan sonra isə “telefonundakı ilə bağlı görüşəcəyik, onların hamısını yoxa çıxaracaqsan” deyir.

Lakin Mehman Əliyev görüşməkdən də, videonu silməkdən də imtina edir.

Onu yox eləsəm, səhəri gün yenə də eyni şey baş verəcək. Bu adamı anası kartof almağa göndərmişdi. Niyə o vəziyyətə saldılar onu?”, – Mehman Əliyev bildirir.

Qarşı tərəf isə cavab verir ki, Əli İsayev istintaqın çağırışına gəlməliydi, onun haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Yəni bu səbəbdən onu saxlamaq istəyirdilər.

Mehman Əliyev isə əlavə edir ki, istintaqa çağırılan şəxsə müstəntiq ya zəng eləməli, ya da çağırış vərəqi göndərməlidir.

Yaxınları deyir ki, Mehman Əliyevin həbsi barədə ailə üzvlərinə məlumat verilməyib. Onun həbs olunmasını media və sosial şəbəkələrdən öyrəniblər.

İki gün öncə Mehman Əliyev ailəsilə əlaqə saxlayıb, polis idarəsində işgəncəyə məruz qaldığını, üzərinə narkotik qoyulduğunu deyib.

Daxili İşlər Nazirliyi isə Mehman Əliyev və Əli İsayevin narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edir.

Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Əli İsayev Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyinə görə polis əməkdaşları onu saxlayanda özünə xəsarət yetirib və gizlənib:

Məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslərdən – Şirvan şəhər sakinləri 1987-ci il təvəllüdlü Əli İsayev və 1983-cü il təvəllüdlü Mehman Əliyevdən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.  Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

Ana səhifəSiyasətŞirvanda polislə vətəndaş arasında qalmaqalı çəkib yayan cəbhəçi həbs olunub