close

Söyüdlü hadisələrinə görə Rusiyada yaşayan azərbaycanlı həbs olunub

Etibar Cabbarov “Whatsapp” qrupu yaratdığına görə təqsirləndirilir

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də və 21-də keçirilən etiraz aksiyalarına görə Rusiya vətəndaşı olan Etibar Cabbarov həbs olunub. O, etiraz aksiyasının təşkilində ittiham olunur.

Etibar Cabbarovun “Whatsapp”da Söyüdlü sakinlərindən ibarət qrup yaratdığı iddia olunur. İddiaya görə, qrupda 400 nəfərdən çox adam olub.

Etibar Cabbarovun Söyüdlü etirazlarından bir neçə gün əvvəl Rusiyadan Azərbaycana gəldiyi bildirilir.

Lakin Söyüdlü sakinləri Meydan TV-yə bildirib ki, bu hadisələrdə adı hallanan Etibar Cabbarov və Afiq Allahverdiyev (o da Rusiya vətəndaşıdır) Gədəbəyə yas mərasimində iştirak etmək üçün gəlib. Sakinlər onu da əlavə edib ki, sözügedən “Whatsapp” qrupu pandemiya dövründə yaradılıb.

“Biz o qrupda müzakirə aparıb, xeyir-şər işlərində bir-birimizə yardım eləyirdik. O qrup bu məsələyə görə yaradılmayıb”, – Söyüdlü sakinləri Meydan TV-yə belə deyib.

DİN məsələ ilə bağlı açıqlama verməyib.

Söyüdlüdə nə baş verib?

İyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib. Aksiya növbəti gün də davam edib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Xeyli kənd sakini tutulub. Aksiyanın ilk günü 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub, 1 nəfər 1500 manat cərimələnib. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırılıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.

Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb.

Ana səhifəXəbərlərSöyüdlü hadisələrinə görə Rusiyada yaşayan azərbaycanlı həbs olunub