close

Söyüdlüyə əlavə polis qüvvələrinin gətirildiyi deyilir

Söyüdlü, 20 iyun. Fotolar: Meydan TV

DİN məlumatı təkzib edir

Söyüdlü kəndinə xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələrinin gətirildiyi deyilir.

Bu barədə məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Agentlik yerli sakinlərə istinadla yazır ki, iyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələrin gətirilib.

Bildirilir ki, polis istənilən yeni etiraz aksiyasının qarşısını zorla almaqla hədələyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, məlumat əsassızdır.

“Söyüdlüdə əlavə polis dəstəsinə ehtiyac yoxdur. Kənddə ictimai asayiş tam bərpa olunub”, – qurumun mətbuat xidmətindən Elşad Hacıyev deyib.

Söyüdlüdə nə baş verib?

İyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib.

Aksiya növbəti gün də davam edib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Xeyli kənd sakini tutulub. Aksiyanın ilk günü 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub, 1 nəfər 1500 manat cərimələnib.

Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb.

Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırılıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.

Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb.

İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır.

Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev iyunun 27-də yenidən Söyüdlü kəndində olub.

Nazir bildirib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq.

Ana səhifəXəbərlərSöyüdlüyə əlavə polis qüvvələrinin gətirildiyi deyilir