close

Tağı İbrahimov mebel sexindəki yanğına görə həbs edilib

Foto: “Azərtac”

ATV-nin keçmiş rəhbəri ilə yanaşı daha bir nəfər də məsuliyyətə cəlb olunub

Yanvarın 15-də Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət almasıyla nəticələnən yanğına görə iki nəfər həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Həbs olunanlar “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı Tağı İbrahimov və müəssisəni idarə edən Toğrul Rzayevdir.

İstintaq belə nəticəyə gəlib ki, sexdə taxta materialların emalı zamanı yaranmış taxta tozu və kimyəvi tərkibli materialların buxar qarışığı təmizlənməyib. Bu səbəbdən minimum konsentrasiya limitinin aşılması nəticəsində partlayış baş verib.

Tağı İbrahimov. Foto: sosial şəbəkə

Tağı İbrahimov işinə laqeyd münasibət göstərib, vəzifəsini yerinə yetirməməkdə – müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməkdə, bununla bağlı əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tapşırıqlar verməməkdə təqsirləndirilir. Toğrul Rzayev isə yanğın təhlükəsizliyi qaydalarının pozulmasında, yanar tullantı və tozların təmizlənməsinə nəzarət etməməkdə ittiham olunur.

Tağı İbrahimova Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayevə isə bu Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham verilib. Hər ikisinin barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır. O, “Azad Azərbaycan” telekanalının (ATV) prezidenti olub.

Ana səhifəSosialTağı İbrahimov mebel sexindəki yanğına görə həbs edilib