close

Tramp seçkilərin nəticələrini ləğv etməyə cəhddə ittiham edilir

D.Tramp. Foto: Reuters


Prokuror onu Amerika demokratiyasını sarsıtmaqda günahlandırır

ABŞ-ın eks-prezidenti Donald Tramp 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə cəhddə ittiham edilib.

Donald Tramp gələn prezident seçkilərinə qatılmaq istəyir.

“Reuters”in yazdığına görə, o, prezidentliyi bərpa etmək üçün kampaniya apardığı ərəfədə üçüncü dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilib.

Trampa qarşı 45 səhifəlik ittihamnamə yazılıb.

O, Co Baydenin qələbəsini təsdiqləməsinə mane olmaq və seçiciləri ədalətli seçki hüququndan məhrum etməklə suçlanır. Həmçinin bildirilir ki, Tramp ABŞ-ı aldatmağa çalışıb.

“Həmin vaxt prezident olan Tramp yalan olduğunu bildiyi saxtakarlıq iddiaları irəli sürüb. O, rəsmilərə, o cümlədən vitse-prezident Mayk Pensə nəticələri dəyişmək üçün təzyiq edib. Nəhayət, bununla Amerika demokratiyasını sarsıtmağa çalışıb”, – ittihamnaməni yazan prokuror bildirib.

Donald Tramp 2021-ci il keçirilən seçkilərin nəticələrinin saxta olduğunu bildirirdi.

Onun həftələr boyu səsləndirdiyi iddialar yanvarın 6-da Konqres nəticələri təsdiqləmək üçün toplaşarkən alovlu çıxışı ilə yekunlaşıb.

Tezliklə onun tərəfdarları Konqresin Co Baydenin qələbəsini rəsmiləşdirməyə mane olmaq üçün ABŞ Kapitoluna basqın edib.

Həmin hücumla bağlı 1000-dən çox adam həbs edilib.

İttihamnamədə Trampın seçki saxtakarlığına yol verməsi ilə bağlı çoxsaylı nümunələr yer alır.

Qeyd edilir ki, yaxın müşavirlər, o cümlədən yüksək səviyyəli kəşfiyyat rəsmiləri ona nəticələrin qanuni olduğunu dəfələrlə deyiblər.

Trampa qarşı ən ağır ittiham maksimum 20 il həbs cəzasını nəzərdə tutur.

Bununla da Tramp cinayət ittihamı ilə üzləşmiş ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Özü ittihamları rədd edir.

Ana səhifəDünyaTramp seçkilərin nəticələrini ləğv etməyə cəhddə ittiham edilir