close

Uçqun

Şərti foto. Mənbə: Azərtac

Zərdüşt Əlizadə

Siyasətdə də uçqun hadisələri baş verir…

Qar və ya torpaq uçqunu qarşısıalınmaz təbiət hadisəsidir və onun nəhəng ziyanlı nəticələri olur. Bu uçqunlar heç vaxt təsadüfən baş vermir, adətən bu zahirən gözlənilməz təbii fəlakətin səbəbləri tədricən yığılır və hansısa hədd aşılandan sonra sanki tətik basılır və bu andan etibarən uçqunun və onun fəsadlarının qarşısını dünyada heç nə, heç bir qüvvə ala bilmir.
Siyasətdə də uçqun hadisələri baş verir, sadəcə belə uçqunların adı tarixə müharibə və dövlətlərin süqutu kimi düşür.

Zərdüşt Əlizadə
Foto: Meydan.tv

Birinci və İkinci dünya müharibələrinin tarixi barədə minlərlə tədqiqat mövcuddur. Heç birində deyilmir ki, Qavrila Prinsip adlı 20 yaşlı başdan xarab millətçi serb gədə şahzadə Frans-Ferdinanda təsadüfən güllə atdı və bu təsadüfün nəticəsində Birinci Dünya müharibəsi başladı, 20 milyon insan həlak oldu. Xeyr, deyilir ki, böyük imperialist dövlətlərin arasında yeni ərazi və bazarlar naminə rəqabət kəskinləşirdi və iş sonda dünya müharibəsinə çatdı. Şahzadənin qətli tətik rolunu oynadı.

SSRİ-ni etnik-ərazi ixtilafları dağıtmadı, bu münaqişələr sadəcə tətik idi, əslində nəhəng dövləti daxili siyasi və iqtisadi ziddiyyətlər dağıdırdı. SSRİ-nin yeganə nəzəriyyədən başı çıxan son lideri İosif Stalin 30-cu illərin sonundan dad çəkib deyirdi ki, “biz gərək sosializmin nəzəriyyəsini işləyək, əks halda biz məhvə məhkumuq”. Deyirdi və üzdə olan alimləri yığıb onlara belə bir nəzəriyyənin işlənib hazırlanmasını tapşırırdı, yazdıqlarını oxuyandan sonra anlayırdı ki, yazılanlar hədyandır, yenə dad çəkib nəzəriyyə arayırdı. Necə deyərlər, “qismət olmadı”.

Sovet cəmiyyətini  1960-1980-ci illər dövründə bürümüş rüşvət, oğurluq, yalan, qanunsuzluq, riyakarlıq, yuxarılara sırtıq buqələmunların soxulması uçqunun yaxınlaşmasından xəbər verən əlamətlər idi, uçqunun əsl səbəbləri bunlar deyildi. Quruluş öz-özünü içəridən yeyirdi, insanların təbii azadlıq və yaradıcılıq eşqini boğub əhalini tüfeyli həşərat kimi təbii sərvətlərin satışından gələn havayı gəlirə bağlayırdı.  Tək antisovet yox, həm də savadlı sovet alimləri belə quruluşun davamlılıq həddinin yaxın vaxtlarda tükənəcəyini deyirdi. Necə dedilərsə, elə də oldu. SSRİ-nin çökməsi ani və sürəkli qar və ya torpaq uçqununa bənzədi.

Bu uçqunu saxlamaq olardımı? Xeyr, uçqunun özünü saxlamaq olmazdı. Lakin uçqun həddinə çatdırmadan uçqunun səbəblərini aradan qaldırmaq olardı. Bəli, olardı. Əgər uçqun təzahürünü yaradan səbəblər vaxtında aradan qadırılsaydı, əgər uçquna aparan səbəblər dərk edilib bir-bir həll edilsəydi, uçqun baş verməzdi. Sovet alimləri SSRİ rəhbərlərinə yazıb təkliflər verirdilər, lakin oraya dürtülmüş məxluqatın mənəvi və əqli səviyyəsi bu alimlərin yazdıqlarını dərk etməyə imkan vermirdi.

Bütünlükdə isə sovet xalqının ümumi şüur səviyyəsi acınacaqlı dərəcədə bəsit idi və sadə siyasi həqiqətləri anlamağa imkan vermirdi. Həmin bu acınacaqlı şüur bəsitliyinin nəticələri elə indinin özündə rus-ukrain və erməni-azərbaycanlı münaqişələrində özünü parlaq tərzdə bəyan edir. Zahiri vətənşivənlik əlamətlərindən təcrid olunarsaq, hər iki münaqişə həmin bu kütləvi acınacaqlı bəsitliyin təzahürü sayıla bilər.

Kəskin böhran həddi yaxınlaşanda siyasət meydanına orta səfə mənsub vətəndaşlar qədəm qoydular. SSRİ-də Xalq Cəbhələri adlı hərəkatlar peyda oldu və onlar rəhbərliyə və cəmiyyətə uçqunun qarşısını ala biləcək yol islahat xəritələrini təklif etdilər. Onlar heç bir yeni Amerika icad etmədilər, onlar bütün dünyada səmərəli işləyən üsul və nümunələrin tədricən sovet gövdəsinə peyvənd edilməsini təklif etdilər.

Əhalinin islahat istəyən  savadlı hissəsi belə dəyişiklikləri qəbul etməyə hazır idi. Sovet tarixində belə nümunələr olmuşdu. Çoxukladlılıq (dövlət, kooperativ və fərdi mülkiyyətin eyni zamanda fəaliyyət göstərməsi 1920-ci illərdə SSRİ-də səmərə vermişdi və Qərbdə işləyirdi), ifadə azadlığı, çoxpartiyalılıq, şəffaf və ədalətli seçki, respublika iqtisadiyyatlarının təsərrüfat hesabına, yəni əməli iqtisadi müstəqilliyə keçməsi nəhəng sovet dövlətində vahid təhlükəsizlik, ordu, dil, nəqliyyat və energetika amillərini nəzərə alaraq qarşılıqlı mənfəət naminə sovet respublikalarını bir-birinə möhkəm bağlaya bilərdi. Bu təklifləri AXC-lərin baniləri uçqun ərəfəsində, bu uçqunun qarşısını almaq məqsədilə verirdilər.

Bu təkliflər, əgər qəbul edilsəydi, siyasi rəhbərlikdə qaçılmaz köklü dəyişikliklərə gətirəcəkdi. Bacarıqsız və vicdansız sovet nomenklaturası ələnəcəkdi, seçkiləri uduzub yerini yeni düşüncəli kadrlara verəcəkdi. Bu dəhşətli təhlükənin qarşısını almaq tapşırığı DTK-ya verildi. Onlar sınaqdan çıxmış üsullarla bu Xalq Cəbhələrini öz casusları ilə doldurdular, islahat və SSRİ-nin islahat yolu ilə saxlanması məramnamələri kənara atıldı, cahil kütləyə asan anlaşılan səfeh millətçi şüarlar təlqin edildi və… gerisi məlum.

İndi “Youtube” məkanında savadlı və ağıllı adamlar elə-hey deyirlər ki, SSRİ-ni xilas etməyin yolu həqiqi federalizmdən, əks-təmərküzləşmədən və demokratiyadan keçirdi.

Gedin bu müdrik sözləri sabiq sovet respublikalarını cənginə keçirmiş DTK marallarına, onların tula payı yeyən “demokratik” küçə şilləvuranlarına danışın.

Sizə doyunca gülərlər. Oba köçüb, yurdu qalıb.

Azərbaycanda camaat indi şıdırğı Milli Məclisə “seçki”lərə azarkeşlik edir. Gürcüstanda camaat nisbi futbol uğurunun nəşəsini yaşayır. Erməni əhalisi Artsaxın itirilməsinin ağrısını çəkir. Ukraynalılar canlarının hayındadır. Rusiya Belarusu özünə qoşub xəyali SSRİ-2-ni yaratmaq kimi cəfəng işlə məşğuldur. Mərkəzi Asiya dövlətləri öz təbii orta əsr qaydaları ilə şad-xürrəm yaşayırlar.

Göründüyü kimi, elmi-texniki tərəqqi adlı hadisə bu məkandan yan keçib. İzi-tozu belə yoxdur. Əslində müsəlman dünyası ilə eyni səfdəyik.

Nooolar?!

Ana səhifəMənim FikrimcəUçqun