close

Ümumi mənzərə və həbs

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Qubad İbadoğlunu zindana aparan yol..

Topladığım (daha dəqiq desəm, başıma gəlmiş) həyat təcrübəsi məni rəsmi adına rəğmən hələ respublika səviyyəsinə yüksələ bilməmiş məmləkətimizdə aramsız törənən cinayətlərə müəyyən soyuqqanlılıqla yanaşmaq səbri və əzmi bəxş  etmişdir. Belə yanaşmanın əsasında “milli” toplumumuzun mütəmadi olaraq “nəyə malikik – ona layiqik” qənaətini təkzibedilməz tərzdə təsdiq və sübut etməsi durur.

1987-ci ildə xalqım haqqında, onun şüur səviyyəsi, qanacaq və mərifəti barədə hədsiz yüksək fikirlə ictimai səhnəyə atılıb bütün bilik və bacarığımı ona həsr etmək istədim, mürəkkəb gerçəkliyin əqlin gücü ilə dəyişdirilməsi yolunu göstərməyə çalışdım.

Sevimli xalqımın mənə sürəklə verdiyi dərsin loru dillə ifadəsi “get hoppan” oldu. Xalqım mənə izah etdi ki, seçəndə və sevəndə yalnız məkrli yalançını və dələduz nağılbazı üstün tutacaq, hər düçar olduğu məğlubiyyəti qələbə adlandıracaq və azadlığı dərəbəyliklə səhv salacaq.

Mən də “hoppanıb” şəxsi həyatıma çəkildim və bu əzəmətli və islahedilməz kütləni hara isə daha layiqli yerə yönəltmək istəyən digər sadəlövh və ya iddialı şəxslərin səylərinə sakitcə tamaşa etməyə başladım.

Mövqeyim əsla biganəlik deyil, sadəcə vətəndaş borcumu icra edib gördüyüm və təsirləndiyim hər hansı hadisəyə münasibətimi aşkar ifadə edirəm. Hətta belə mötədil mövqeyə görə cəmiyyətdən və dövlətdən atılan daşlar başıma dəyir.

Bu da məni hər dəfə abırsız və təcavüzkar cəmiyyətdən daha bir addım gen durmağa sövq edir.

Məni çox qınayırlar. Bu qınağın bir qanunauyğunluğu var: qınayanların ötkəmi onların bilik səviyyəsi ilə tərs mütənasibdir.

Bu girişi möhtərəm iqtisadçı alim və siyasətçi Qubad İbadoğlunun həbsi ilə əlaqədar fikirlərimi bildirməkdən öncə yazmağı lazım bildim.

Onun ilkin siyasi mövqeyini əzəldən yanlış sayırdım və əmin idim ki, əgər zərrəcə düşünmək qabiliyyəti varsa, əvvəl-axır bu yolun yanlışlığını anlayacaq.

Siyasi gerçəklik onu ayılmağa məcbur etdi. Ucuz, xəyali və mücərrəd imtiyazlar naminə aparılan məkrli oyunlardan zinhara gəlib mənsub olduğu siyasi zümrədən aralandı və özü kimi daha saf mühit arzulayanlarla bir təşkilat yaratmağa başladı.

Bu, hakimiyyətin əsla xoşuna gəlmədi və özünün ənənəvi tədbirlərini görməyə başladı. Qubad İbadoğlunun indi zindana salınması həmin tədbirlərin məntiqi inkişaf pilləsidir.

Mənim üçün Qubad İbadoğlunun cəsarətli vətəndaş və savadlı alim olduğunu sübut edən tədqiqatı 2001-2011-ci illərdə Azərbaycan gömrüyünün 11 milyard dollarlıq malı qaçaq yolla, dövlət qeydiyyatına salınmadan və büdcəyə heç bir vergi və rüsum ödənilmədən ölkəyə idxal etdiyini sübut edən hesabatı oldu. Təbii ki, cəmiyyətimizin böylə nəhəng oğurluqdan tükü belə tərpənmədi, zira milli dəyər səviyyəsinə yüksəlmiş əxlaqi meyar “bacarana can qurbandır” deyimidir.

Bundan əlavə onun xeyli tədqiqatı ilə tanışam, onların dəyəri və əhəmiyyətini dərk etməyə savadım çatır, fəqət bu barədə yazmağı özümə sadəcə rəva görmürəm, çünki iqtisadçı deyiləm.

Onu cəsarətlə deyə bilərəm ki, Qubad İbadoğlu bəşəriyyəti heyran edəsi əzəmətli iqtisadi mütəfəkkir olmasa da, dünyada qəbul edilmiş elmi meyarları dərk edən və onlara tam cavab verən möhkəm peşəkardır. Bunu sübut edən dəlillər çoxdur, beynəlxalq təşkilatların onu müxtəlif dövlətlərə müşavir qismində göndərməsi, iri qlobal layihələrə cəlb edilməsi göstərir ki, bu təvazökar azərbaycanlı  alim dünyada sayılan mütəxəssis kimi qəbul edilir.  Onu ABŞ universitetlərinə mühazirəçi professor kimi dəvət edirlər, nəhayət, dünyanın ən qabaqcıl və tanınan on universitetindən biri olan London İqtisad Məktəbinə işə götürürlər.

Azərbaycan dövləti öz vətəndaşının beynəlxalq elm və təlim sahəsində uğurlarına sevinirmi? Yox. Əksinə, qəzəblənir və qısqanır.

Belə münasibət Azərbaycanda öz tarixi olan ənənədir. Zira bizim məmləkətin ağaları hər ümumi sıradan çıxan, ümumi alçaq səviyyədən azca yüksələn vətəndaşı öz hakimiyyəti üçün potensial təhlükə hesab edir və beşiyindəcə boğmağa çalışır. Belə münasibət, məncə, hətta Ulu öndərin öz varisinə tövsiyələrində də həkk olunub. Və Qubad İbadoğlunun həbsi məhz bu tövsiyələrə sədaqətin təzahürüdür.

Köhnə əyyamın şahidi kimi bir əhvalatı xatırlatmaq istərdim. 1970-ci illərin sonudur, AKP MK-nın Birinci katibi Heydər Əliyev əziz Leonid İliç Brejnevlə sıx əlaqə qura bilib. Baş katib Azərbaycanın rəhbərinə zəng vurur və nə barədəsə söhbət aparır. Söhbətin sonunda soruşur: “Yaxşı, qızım Qalya sizdə neyləyir?” Heydər Əliyev çaşıb soruşur ki, “Qalya məgər Azərbaycandadır”?  Brejnev gülüb deyir ki, “kürəkən sizin daxili işlər nazirinizin müavini ilə dostlaşıb, o da qızımı və ərini Bakıya qonaq çağırıb”.

Kürəkən general Çurbanov və Qalya Brejneva Moskvaya qayıdandan sonra DİN nazirinin müavini polkovnik Telman Əliyev tutulur və çala-çala gedir qazamata. Stalin dövrünün məşhur məsəlinə uyğun olaraq: “əsas odur ki, insan olsun, maddə tapılar”.

Polkovnik qazamatdan 1980-cı illərin sonunda çıxır, Azərbaycana dəxi qayıtmır.  Bunun da xeyri olmur. 1990-cu illərin ortalarında onu Moskvada evində naqillə boğub öldürürlər.

Ölkəyə malikanə, vətəndaşlara təbəə kimi yanaşan hakimiyyətimiz istənilən xarici güc mərkəzləri ilə əlaqə qura bilmiş vətəndaşımızı təhlükə sayıb çıxdaş etməyə çalışır.

Zəngin iş adamı Mübariz Mənsimovun taleyi necə oldu? Kimin təşəbbüsü və sifarişi ilə onun şirkəti tarmar edildi?

Arzu Abdullayeva ilk azərbaycanlı idi ki, Avropa miqyaslı sülh mükafatına layiq görüldü, beynəlxalq təşkilata – Helsinki Vətəndaş Assambleyasına – 10 il rəhbər seçildi, bu təşkilatdan Azərbaycanın xeyrinə istifadə etməyə çalışdı. Bütün bu illər ərzində hakimiyyət ona qarşı ən iyrənc üsullarla mübarizə apardı və nəhayətdə bu təşkilatı demək olar ki, tam “zərərsizləşdirə” bildi.

Əvəzində bir əlində aftafa, o biri əlində dəsmal tutan, fəqət beynəlxalq aləmdə bir qəpiklik hörməti olmayan xeyli “milli” QHT peyda olub büdcəni əmməyə girişdi.

Qubad İbadoğlu hakimiyyət üçün təhlükə törədirdimi? Əsla. Nə pulu, nə tayfası, nə silahlı dəstəsi, heç nəyi yox idi. İstəyi çox təvazökar idi: RİFAH-ı rəsmi qeydiyyatdan keçirib siyasi səhnəyə müstəqil oyunçu kimi daxil olmaq. Onun hətta Milli Məclisə düşməsi belə Prezident Aparatının rəyindən asılı olacaqdı, zira bizdə belə məsələləri seçici deyil, məmur həll edir.

Gücü və imkanı yoxdur, təhlükə törətmir, bəs onda niyə bu, Rəsul Quliyev demişkən, “bədbəxt”i həbs etdilər?

Kimsə deyə bilər ki, hakimiyyətin daxilində hansısa İlham Əliyevə müxalif qüvvə öz gücünü prezidentə nümayiş etdirir.

Mən bu fərziyyənin tərəfdarına ağıl dərmanı axtarmağı məsləhət görərdim.

Mənim üçün yeganə ağlabatan səbəb həmin o milli ənənəyə sədaqətdir. Kim başını qaldırır, vur başından. Kim savadlı və uzaqgörəndirsə, təcrid et, qarala.

Qaldı bayaq işlətdiyim “bədbəxt” kəlməsinə, ondan inciməyə dəyməz. Dərindən fikirləşsək, həqiqətin gözünə dik baxmağa cəsarətimiz çatsa, etiraf etməliyik ki, bizim vətəndaşlar, bunu anlasalar da, anlamasalar da, bu sözə  tam layiqdirlər.

Ana səhifəMənim FikrimcəÜmumi mənzərə və həbs