close

Peşəkarlığı, ya çəkini artıran tədbirlər

Mənbə: Meydan TV

Rövşən Hacıbəyli

Hər ikisinin xərci büdcənin cibindən çıxır

İçində olduğumuz həftə çox gərgin keçir. Sistemsizlikdir. Buna başıpozuqluq da demək olar. Elə bil hər şey bir-birinə qarışıb. Heç kimin bir-birindən xəbəri yoxdur. Media sahəsində lap xaosdur. Qarşıdan Milli Mətbuat Günü gəlir (ölürük də hər şeyə Milli yapışdırmaqdan ötrü). Dövlət qurumları və özəl sektor yarışa giriblərmiş kimi jurnalistlərin iş ahəngini pozur. Jurnalistin bir sorğusuna cavab verməyən qurumlar “orda oturma, burda otur” deyirlər. Media nümayəndələri hər gün harasa dəvət olunur, müsabiqə, mükafat, qonaqlıq, karta pul atmaq… lap başlarını itiriblər. 

Yazı adamları tədbirlərdən, qonaqlıqlardan imkan tapıb sevincini sosial şəbəkələrdə belə ya paylaşmağı çatdıra bilmir, ya da bəzən bir qonaqlıqdan iki dəfə şəkil paylaşırlar. Onları da qınamalı deyil: bir qonaqlıq bitməmiş başqası başlayır. Ritm pozulur, sonra gündəlik xəbər planı dolmayanda MEDİA agız büzəcək ki, verdiyim pul gözündən gəlsin, niyə sənin aylıq xəbərlərinin sayı düz gəlmir, qaytar pulları…

Qonaqlıqlar ara vermir. ASAN Xidmət də mətbuat nümayəndələrinə qonaqlıq verib.  Ümid edirik pulla bağlı çətinlik olmayıb. Bütün işlər ASAN olub. “Azərxalça” da xalı üstündə olmasa da, mətbuat qarşısında borcunu yerinə yetirib, süfrə açıb. Sağ olsunlar…

MEDİA saytı da özünə şüar seçib: Mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir (Heydər Əliyev). Başa düşdük, bu canlı sinirin sistemini pozursan axı. Bu vur-çatlasına sinir dözər?! “Norm” bir qonaqlıq verir, süfrə yığılmamış başqasının dəvətinə tələsirsən. Birinci qonaqlıqda yeyilən həzm olunmamış ikincinin tikəsinə əl uzadırsan. Özünü ac göstərib iştahla yeməlisən ki, təşkilatçılar ayrı fikrə düşməsin. Çalışırsan ki, mədə ilə beyin arasında əlaqənin itdiyini gizlədəsən… Yazdığın bir şey olmasa da, hər halda, sənə mükafat verirlər, məbləğ də pis deyil.

Məsələn, Azərbaycan Dəmir Yolları QSC və MŞ Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqə keçirib, 3 istiqamət üzrə: 

1.“Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli”.

2.“Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında”.

3.“Sibirin və Uzaq Şərqin böyük kəşfi  Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi”.

ADY-nin başı çıxmır, ay MŞ, heç olmasa sən təklif olunan mövzunun başlığını lakonik elə ki, dizaynerlər əziyyət çəkməsin, onlar da insandı axı…

Müsabiqəyə 53 kütləvi informasiya vasitəsindən 77 iş təqdim edilib. Göründüyü kimi, yarışmaya böyük maraq olub. Müsabiqənin şərtlərinə əsasən, 9 nəfər əsas, 30 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. 38 nəfər mükafatsız qalıb…

Ən sevindirici məqamlardan biri AzTV sədrinin birincilər sırasında olmasıdır.

1-ci yer 1000 manat, 2-ci yer 700 manat, 3-cü yer 500 manat. Üstəlik, 30 nəfərə də həvəsləndirici mükafat (düzdür, həvəsləndirici mükafatın məbləği elanda yazılmayıb, hər halda, 200-300 manat olar). Təxmin etmək olar ki, ADY-nin xərclədiyi ümumi məbləğ 10 min manatdan çox olub. Əslində, ADY böyük jest edib, çünki bu qurumda daim işçilər maaş azlığından şikayət edir, arada aksiyaya da əl atırlar. Buna baxmayaraq, ADY özündə güc tapıb o məbləği ayırıb.

Hər sahədə olduğu kimi, burada da münsif problemi olub, seçimlərdə ədalətsizliyə yol verilib. Məsələn, müsabiqədə mükafatsız qalan jurnalistlərdən birinin yazısından sitat:

“Baykal-Amur Magistralının həyatında ulu öndərin oynadığı misilsiz xidmətlər tarixdə hər zaman yaşayacaq. Bütün həyatını xalqının və bütün insanlığın tərəqqisinə həsr edən Heydər Əliyev yaddaşlarda öz nəhəng xidmətləri ilə yaşayır. Keçmiş sovet məkanında elə bir respublika tapılmaz ki, H.Əliyev onun həyatında rol oynamasın”. 

Adam söz də tapmır…

Bundan başqa, Baş Prokurorluq da mediaya həssas yanaşaraq Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib. “Mərasimdə Baş Prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının təmsilçiləri, media qurumlarının rəhbərləri, müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim heyəti, jurnalistlər, eləcə də prokurorluq əməkdaşları iştirak edib”.

Yaxşı kontingent olub… Baş prokuror Kamran Əliyev “…Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açıb”.

Baş Prokurorluğun görüşündən xəbər bu cümləylə bitir: “Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” musiqili-tarixi essesini izləyib”.

Dövlət Sərhəd Xidməti də Mətbuat Günü ilə bağlı tədbir keçirib. Sərhədçilər mətbuat işçilərindən bəzilərinə medal və Fəxri Fərman da verib.

MEDİA da tədbir keçirib, “Mariott Abşeron” hotelində “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda. Mövzunun başlığı bir az qəliz olduğu üçün aydınlatmağa ehtiyac var: Qlobal transformasiya reyestr məsələsidir, ənənələrdə varislik deyəndə Əli Həsənov və Vüqar Səfərlərin xələfi olmaq nəzərdə tutulur, prinsip və ictimai maraq yer seçiminə bağlıdır…

Yeyib-içmək də olub. Nuş olsun!

Ancaq Tağı Əhmədovun yeri görünür: Ə, bir-bir…

P.S.Bir məsələ qaranlıqdır, özəl və dövlət qurumları qonaq çağıranda jurnalistlərin adının reyestrdə olub-olmadığını yoxlayıblarmı? Reyestrdə adı olmayan jurnalistə qonaqlıq verənlərin qanı yoxlanmalıdır; varsa…

Ana səhifəMənim FikrimcəPeşəkarlığı, ya çəkini artıran tədbirlər