close

Vaşinqton Bakı ilə Yerevanı danışıqlara çağırıb

ABŞ, Ermənistan və Azərbaycan. Mənbə: OnePixelStudio/shutterstock

ABŞ Azərbaycan ordusunun son hərəkətindən narahatlığını ifadə edib

ABŞ Dağlıq Qarabağdakı son vəziyyətdən narahatdır və davamlı sülh naminə birbaşa dialoqa çağırır.

Bu barədə martın 28-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

Məlumatı “Turan” yayıb.

Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid martın 27-də xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ordusunun hərəkətindən narahatlığını çatdırıb:

O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb”.

Dövlət katibi də tez-tez deyirdi ki, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu münaqişənin hərbi  həlli yoxdur”, – Vedant Patel belə deyib.

Vedant Patel Bakı və Yerevanı danışıqlara çağırıb:

Biz Ermənistanı və Azərbaycanı  ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar başlamağa çağırırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığının olduğunu təsdiqləyib.

Nazirlik bildirib ki, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Foto: XİN

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyətini bir daha qeyd edib. Həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb. Karen Donfrid Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini deyib. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Martın 27-də Azərbaycan Prezidentinin Administrasiyası (PA) Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda növbəti görüşə dəvət edib.

Prezident Administrasiyası xatırladıb ki, bu, martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də göndərilən dəvətin davamıdır.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən İkinci Qarabağ müharibəsində hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətVaşinqton Bakı ilə Yerevanı danışıqlara çağırıb