close

Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

Foto: Adəm Məmmədovun şəxsi arxivindən

Xüsusi ittihamçı isə başqa bir vəkil Ceyhun Yusifovdur

Vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov təqsirləndirilən şəxs qismində tanınıb. İyulun 18-də Nərimanov Rayon Məhkəməsində onlara qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmənin hazırlıq iclasında buna qərar verilib.

Sözügedən məhkəmə işi təhqir və böhtanla bağlıdır. Xüsusi ittihamçı isə başqa bir vəkil Ceyhun Yusifovdur. Adıçəkilən vəkil Adəm Məmmədov və qardaşını ona böhtan atmaqda, işgüzar nüfuzuna zərbə vurmaqda ittiham edir.

Ceyhun Yusifov məhkəmədən Adəm və Xəyyam Məmmədov qardaşlarının 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir. Ceyhun Yusifov iddia edir ki, Adəm Məmmədov və qardaşının rəhbərlik etdiyi saytda onun nüfuzuna xələl gətirən məlumat yayımlanıb. Daha sonra başqa internet resursları da həmin xəbəri oradan götürüb tirajlayıb.

Adəm Məmmədov və qarşı ittihamı qəbul etmir. Onlar iddiaya etiraz edərək, onun icraata götürülüb baxılmasına etiraz ediblər.

İyulun 18-də bu iş üzrə məhkəmənin hazırlıq iclasının yekununda hakim Vüsal Qurbanov xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılmasına, Adəm və Xəyyam Məmmədovların təqsirləndirilən şəxs, Ceyhun Yusifovun isə xüsusi ittihamçı qismində tanınmasına qərar verib.

Məsələnin mahiyyətilə bağlı məhkəmə araşdırmaları iyulun 25-də keçiriləcək növbəti məhkəmə iclasında başlayacaq.

Ana səhifəSosialVəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu