close

Vəkil: Hüseyn Abdullayev təcridxanada aclıq edir

Hüseyn Abdullayev. Foto: Meydan TV

Keçmiş deputatın yeni ittihamla bağlı bu addımı atdığı bildirilir

6 ildən çoxdur həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin hazırda təcridxanada aclıq etdiyi bildirilir. Bu barədə məlumat verən vəkili Cavad Cavadov bildirib ki, Hüseyn Abdullayev cəzasının başa çatmasına az qalmış ona yeni ittiham verilməsi və həbsdə saxlanma müddətinin uzadılmasına etiraz olaraq, bu addımı atıb.

Vəkil vurğulayıb ki, müvəkkili Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun aclıq etməsi barədə təcridxana rəhbərliyinə də məlumat verilib.

2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. Bu cəzanın müddəti başa çatsa da, o, azadlığa buraxılmayıb. Çünki martın əvvəlində onun haqqında yeni cinayət işi başlanıb. Sabiq deputata qarşı bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Vəkil Cavad Cavadov bildirib ki, müvəkkilinin aclıq etməsinin daha bir səbəbi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun onun haqqında çıxardığı qərarın icra olunmamasıdır:

“Həmin qərara əsasən, BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq, onun siyasi sığınacaq pasportu olduğu və təqib olunduğu ölkəyə verilməsi qadağan edildiyi halda, heç bir deportasiya, ekstradisiya qərarı olmadan oğurlanaraq, 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, burada məhkum edilməsi qanunsuz hesab edilib. Onun azadlığa buraxılması tələb olunub”.

Hüseyn Abdullayev nə əvvəlki, nə də yeni cinayət işi üzrə ona verilən ittihamları qəbul etmir. Yeni ittiham üzrə məhkəmə qarşısına çıxarılıb, ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilərkən Binəqədi Rayon Məhkəməsində hakimə deyib ki, özünü qətiyyən təqsirli bilmir, yeni cinayət işinin məqsədi onu həbsdən buraxmamaqdır.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu bəyan ediblər.

“Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”, – Hüseyn Abdullayev bir müddət öncə Prezident İlham Əliyevə məktubunda yazmışdı.

Ana səhifəSiyasətVəkil: Hüseyn Abdullayev təcridxanada aclıq edir