close

“Müdafiə Xətti”: Azərbaycanda yeni repressiv səhifə açılıb

Foto: “Müdafiə Xətti”

Təşkilat bəyanatında əngəllənən təməl hüquqlardan danışıb

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı bəyanat yayıb. Təşkilat bildirir ki, Azərbaycanda əsas vətəndaş hüquq və azadlıqlarını inkar edən yeni repressiv səhifə açılıb.

“Siyasi ağırlığa malik cinayət təqibləri artıb, güc strukturlarının iş rejimində psixi və fiziki zorakılıqlar, işgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar geniş vüsət alıb”.

“Müdafiə Xətti” təəssüflə bildirir ki, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilmir, cəmiyyətin iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət modelindən imtina edilir, fundamental azadlıqlar, eləcə də söz və fikir, mətbuat və məlumat, sərbəst toplaşmaq azadlıqları, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hüququ əngəllənir.

“Müdafiə Xətti” qeyd edir ki, hökumətin əsas tənqidçilərindən biri, III Respublika Platformasının spikeri Akif Qurbanov 2024-cü il martın 6-da qanunsuz səbəblərlə saxlanılıb, iki gün sonra barəsində həbs qətimkan tədbiri seçilib, qaçaqmalçılıqda təqsirli bilinib:

“Bunun da hüquqi deyil, siyasi əsaslı olduğu yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarında şübhə doğurmayıb. Akif Qurbanov barəsində qaldırılmış saxta cinayət işinin istintaqını aparan dairələr cinayət və cinayət prosessual məcəllələrinin tələblərini rəhbər tutmurlar, siyasi təlimatlara görə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, ədalətliliyi təmin olunmur, əksinə, ictintaq təcridxanasında əlavə təzyiq və təhdid vasitələri işə salınır”.

“Müdafiə Xətti” göstərir ki, Akif Qurbanov apelyasiya instansiyasında çıxış edərək, mənbəyini rəsmi dairələrdən götürən qarayaxma kampaniyasına ətraflı cavab verib, ictimaiyyətə şəxsi mülk və mal varlığı barədə detallı məlumatlar çatdırıb:

“Mərkəzi Seçki Komissiyasındakı fəaliyyəti, vətəndaş cəmiyyətindəki çalışmaları, ailəsinin, həyat yoldaşının maliyyə aktivləri haqda hesabat təqdim edib, eyni zamanda, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi repressiv, hüquq və azadlıqlara rəvac verməyən siyasətini tənqid edib, cari siyasi iqlimi, hüquq sistemini Stalin və “NKVD” üsulu ilə müqayisə edib”.

“Müdafiə Xətti” dərin narahatlıqla bildirir ki, sözügedən çıxışdan sonra 1 saylı Bakı İstintaq Təcridxanasında Akif Qurbanova əlavə təzyiqlər başlayıb:

“Ailə üzvləri ilə görüşünə imkan verilməyib, telefon danışıqlarına məhdudiyyət qoyulub, aparılan kitablar geri qaytarılıb, sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib”.

“Müdafiə Xətti” göstərir ki, ötən gün yüksək rütbəli dövlət məmuru 1 saylı Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt şəkildə hədələyib, ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, dövlət başçısı İlham Əliyevin adını çəkməmək tələb olunub:

“Yüksək rütbəli dövlət məmuru Akif Qurbanovun nəzərinə çatdırıb ki, tənqidlər dayandırılmasa, pis rəftar, işgəncə tətbiq ediləcək”.

“Müdafiə Xətti” qeyd edir ki, “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutu işi ilə bağlı qanunsuz həbs edilmiş digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə, sizin vəziyyətiniz daha da ağırlaşacaq:

“Azərbaycan cəmiyyətinə, yerli və beynəlxalq hüquq müdafə təşkilatlarına, sivil toplum təmsilçilərinə, siyasi təşkilatların rəhbərlərinə, müstəqil media mərkəzlərinə, Qərb və Avropa ölkələrinin Bakıdakı səfirliklərinə müraciət edirik ki, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanova və digər vicdan məhbuslarına qarşı qanunzidd davranışların durdurulması üçün ciddi səy göstərsinlər, ictimai-siyasi fəalların azadlıq hüquqlarının bərpa edilməsi məqsədilə təxirəsalınmaz, təsirli və əməli tədbirlər görsünlər”.

“Müdafiə Xətti” hakim dairələrin repressiv hərəkətlərini qətiyyətlə pisləyir, hökuməti Konstitusiya və Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlara hörmət ruhunda siyasət yürütməyə çağırır:

 “Akif Qurbanovun və 300-ə yaxın siyasi və vicdan məhbusunun dərhal azadlığa buraxılmasını tələb edirik”.

Ana səhifəSiyasət“Müdafiə Xətti”: Azərbaycanda yeni repressiv səhifə açılıb