close

YAP namizəd siyahısında dəyişiklik edib

Yeni Azərbaycan Partiyası. Foto: “yap.org.az”

Partiya Aygün Maniyevanı Pərvanə Piriyeva ilə əvəzləyib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə açıqladığı siyahısında dəyişiklik edib.

Partiya 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürdüya Aygün Maniyevanı Pərvanə Piriyeva ilə əvəzləyib. Pərvanə Piriyeva 234 nömrəli tam orta məktəbdə həyat bilgisi müəlliməsidir.

Ondan əvvəl namizədliyi irəli sürülən Aygün Maniyeva Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Şaitdin Əliyevin qızıdır. O, Şüvəlan qəsəbəsində yerləşən, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin psixoloqu kimi çalışır.

Güman edilir ki, hakimiyyət Mərkəzi Seçki Komissiyasının sədr müavini Şaitdin Əliyevin qızı Aygün Maniyevanın namizəd olmasının maraq toqquşması olduğunu nəzərə alaraq onu başqa namizədlə əvəzləyib.

Şaitdin Əliyev. Foto: screenshot İTV-dən

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının bugünkü məlumatına görə, 800-dən çox adam namizədliyini irəli sürüb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətYAP namizəd siyahısında dəyişiklik edib