close

Yetirmələr

Heydər Əliyev

Zərdüşt Əlizadə

Bəzən ilk baxışdan kədərli sayılacaq hadisələr düşünən insanda nikbinlik hissi oyadır

Vətənin və millətin taleyi barədə düşünəndə yalnız bu günü və sabahı deyil,  həm də daha geniş zaman və məkan sərhədlərini təsəvvürə gətirmək lazımdır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyini dövlət tədbiri kimi qeyd etdilər. Bəlkə biz də vətənin və millətin taleyini həmin bu 100 il zamanı və Ulu öndərin fəaliyyət göstərdiyi məkan çərçivəsində nəzərdən keçirək?

Heydər Əliyev dünyaya gələndə Azərbaycanda sovet hakimiyyəti artıq qurulmuşdu və bunun xidmətini, əlbəttə ki, onun ayağına yazmaq mümkün deyildi. Lakin sovet quruluşunun Azərbaycanda xalqın canına, ta iliyinə qədər, hopmasında və işləməsində onun təsiri, şəksiz ki, danılmazdır. Mən xalqımızın təhər-tövrünü aşağıdan yuxarıya kimi ciddi-cəhdlə tədqiq etmişəm və əminəm ki, orta azərbaycanlının vücudunun təşəkkülünə məşhur milli ədib və bəstəkarların əsərləri ilə müqayisədə məhz Heydər Əliyevin fəaliyyətinin təsiri qat-qat güclüdür.

 Xub, deyə bilərlər ki, Heydər Əliyev ali səfə salınan və soxulan partiya-dövlət nomenklaturasının seçilməsinə və təşəkkülünə təsir göstərə bilərdi, lakin sıravi vətəndaşların ruhuna nüfuz edə bilməzdi.

Belə düşünənlər ciddi yanılırlar.  Sizin həqir bəndəniz AKP MK üzvləri ilə təmas zamanı onların hər bir hərəkətində və sözündə Ulu öndərin davranışının və danışığının təsirini sezirdi.

Tək onlarda deyil, həm də Azərbaycan Xalq Cəbhəsinin lider və əksər sıravi üzvlərinin də təfəkkür və davranışında Ulu öndərin yapdığı qəliblərin təsirini görürdüm.

Nə idi bu təsirin əsas əlaməti? Hakimiyyət hərisliyi, milli maraqları hakimiyyət maraqlarına bada vermək istəyi və hazırlığı – budur həmin təsirin silinməz damğası. Kitabımda bu barədə kifayət qədər müfəssəl yazmışam deyə təkrar etməyə lüzum görmürəm.

Lakin bir haşiyə çıxsam, yerinə düşər.  Ulu öndərin təsiri tək azərbaycanlılara deyil, həm də Qarabağ ermənilərinə sirayət etmişdi.

Ulu öndərin sabiq köməkçisi məzə hissi ilə xatırlayırdı ki, bir dəfə 1990-cı illərin ortalarında MDB sammitlərinin birində qəfildən hərbi geyimdə və ayağında ağ krossovka olan saqqallı bir kişi Azərbaycanın prezidentinin qabağına qaçır və sevincək onu salamlayır. Ulu öndər ona baxıb soruşur: “Sən kimsən”? Saqqallı kişi sevinclə deyir: “Mən sizin yetirməniz Serj Sarqsyanam”.  Ulu öndər hirslə deyir: “Mən sənə bunumu öyrətmişəm?”

Serjik ustadına heç nə deyə bilmir. Mənsə əminəm ki, ağlı çatsaydı, deməliydi: “Bəli, mənə bütün bunları məhz siz öyrətmisiniz”.

Necə ki, AKP MK üzvlərinin hamısına Kremlin ağaları qarşısında acizanə təzim etməyi Ulu öndər öyrətmişdi. Qarabağda Kremlin rəhbərliyi altında dövlətə qarşı üsyan başlayanda Bakıda hakimiyyətdə bir nəfər cəsarətli insan tapılmadı ki, elə sovet qanunlarının gücü ilə qiyamçıları ram etsin. Hamı vəzifəsini düşünüb Kremlin əmrinə müntəzir durmuşdu.

Sıravi azərbaycanlılara saxta büt yaradıb onlara kor-korana inanmağı da elə o təlqin etmişdi. Bu büt əvvəl raykom katibi idi, sonra hərəkat başlayanda AXC liderləri oldu.

Əksəriyyət elə indinin özündə büt olmağa can atır, təsadüfi deyil ki, ölkəmizdə məfkurəsi heç kəsə bəlli olmayan 57 guya ki, partiya və təbii, onun sədri-başqanı yaranmışdı.

Heç bir istibdad və zülmün axırı yaxşı qurtarmır. Müstəbidlər devrilir, talan edilmiş sərvət talançıya və ailəsinə bədbəxtlik gətirir, adı tarixdə bədnam olur. Hakimiyyətdə olduqları zaman şənlərinə söylənmiş mədhiyyələr kinayə və qınaq hədəfi olur.

Mən anlamıram, ağıl-dərrakədə və vətənə sədaqətdə Həsən Həsənovla, Ayaz Mütəllibovla və Telman Orucovla Əbülfəz Əliyevin, İsa Qəmbərin və Pənah Hüseynin arasında nə fərq var? Əgər hər hansı bir əməl onun aqibəti ilə ölçülürsə, xalqa və vətənə dəymiş ziyan və itkilərin həcmi baxımından onların arasında heç bir fərq yoxdur.

Azərbaycanın son 60 illik ictimai-siyasi həyatı Ulu öndərin zəfəri  kimi qiymətləndirilməlidir. Bu zəfərin zirvəsi isə ölkəmizdə artıq xələfin hakimiyyəti dövründə vətəndaş cəmiyyəti özəklərinin və guya partiyaların çıxdaş edilməsi prosesi sayılmalıdır.

Demək nə? Azərbaycanı dövlət, azərbaycanlıları millət kimi qapadıb gedək Yaxın Şərqə və ya Afrikaya? Yəni kitabımız bağlanıb? Yəni biz olduq təbii sərvətlərin satışı hesabına yaşayan tüfeyli ikiayaqlılar sürüsü?

Belə deyil, əlhəmdu li-llah. Millət ölməyib, varıq.

İctimai-siyasi həyatımızda Razi Nurullayev və Asim Mollazadə ilə yanaşı diri insanlar da var.

Bəzən ilk baxışdan kədərli sayılacaq hadisələr düşünən insanda nikbinlik hissi oyadır. Məsələn, neçənci dəfədir ki, mediada İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun şərlənərək həbs edilməsi və cərimələnməsi barədə məlumat oxuyuram.

Polisin və məhkəmənin bu əməli dövlətimizə və xalqımıza ləkə vururmu? Əlbəttə, vurur.  Bu Afiəddin Məmmədovun rəhbərlik etdiyi təşkilat qüdrətli və imkanlı təşkilatdırmı? Əsla yox, acından günorta duran zəif təşkilatdır və sıralarında səhərdən gecıyarıya qədər şəhər küçələrində moped sürüb sifarişlə müştərilərə ərzaq çatdıran kuryerləri birləşdirir.

Afiəddin Məmmədov. Foto: sosial şəbəkə

Kuryerləri, həzərat! Samballı neft fəhlələrini deyil, nüfuzlu məmurları, həkimləri və müəllimləri deyil, moped sürən kuryerləri!

Bax, dövlətimiz kuryerlərin qanuni muzdlu əməkçi hüquqlarını qorumağa çalışan bu balaca və zəif həmkarlar təşkilatı ilə polisin cəbri və məhkəmənin zülm silahı ilə savaşır. Ona bəs etmir ki, iyirmi ildən artıqdır rəsmi Həmkarlar İttifaqları Konfederasiyasına əməkçilərə qənim kəsilmiş Səttar Mehbalıyev namlı birisini bağlayıb və onun əli ilə zəhmətkeşlərin hüquqlarının tapdalanmasına şərait yaradır.  Xeyr, həm də asfaltı deşərək günəşə can atan ot kimi yaşamaq istəyən yaşıl həyat əlamətlərini polisin və məhkəmənin zülmü ilə məhv etməyə çalışır.

Hakimiyyət xalqdan qorxur. Bu səbəbdən çəlimsiz və arıq Afiəddin Məmmədovun üstünə zırpı və zorba polis nəfərlərini göndərir, şərləyib onu qazamata salır, cərimələyir.

Ömrüm boyu belə şeyləri çox görmüşəm, oxumuşam. Heç bir istibdad və zülmün axırı yaxşı qurtarmır. Müstəbidlər devrilir, talan edilmiş sərvət talançıya və ailəsinə bədbəxtlik gətirir, adı tarixdə bədnam olur. Hakimiyyətdə olduqları zaman şənlərinə söylənmiş mədhiyyələr kinayə və qınaq hədəfi olur.

Elə bilirsiz Mussolini, Somosa, Salazar, Betankur, Markos, Pinoçet, Mobutu, əl-Qəzzafi və ən-Nimeyri və yüzlərlə digər müstəbid hakimiyyətdə olanda təriflənmirdilər?  Bakılılar demişkən, “elə bəyəm”!

İndi hamı onların məzarına tüpürür. Bəzilərinin məzarı isə biinmir.

Afiəddin Məmmədovun həbsi və cərimələnməsi xalqımızın diri olmasının parlaq sübutudur. Yəni hakimiyyət axar suyun qarşısını tarixən çatlaq sədd ilə almaq istəyir, fəqət alınmır və alınmayacaq.  Su özünə yol tapacaq, indi polis dəyənəyi ilə qapanan deşiklər genişlənəcək və bir gün indiki zalım quruluş, lap elə Ulu öndərin qulluq etdiyi Şura hökuməti kimi, çöküb dağılacaq.

Əvəzinə nə gələcək? Ümid edək ki, xalq öz bisavadlığından və nadanlığından nəticə çıxarıb bu dəfə lotuların dalınca qaçmayacaq.  

Ana səhifəMənim FikrimcəYetirmələr