close

Zatulin Bakının Qarabağda Rusiyanın mövqelərinə zərbə vurduğunu deyir

Konstantin Zatulin. Foto: “ru.armeniasputnik.am”

“Saakyan və Qukasyanın sülhməramlıların qarşısında həbsi üzərimizə götürdüyümüz funksiyaya zərbədir”

Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda son günlərini saydığını deyir.

Bu barədə Konstantin Zatulin “Moskva danışır” radiosuna müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, ermənilər Qarabağda təhlükəsizliklərinə inanmadıqları üçün bölgəni tərk ediblər:

Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi başqa heç kim yoxdur. Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin qarşısında həyata keçirilən həbsi, məncə, təkcə Ermənistandakı xain hökumətə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya – sülhməramlılığa çox ciddi qınaq və zərbədir”, – Zatulin belə deyib.

Onun sözlərinə görə, bütün ermənilərin Dağlıq Qarabağı tərk etməsi, o deməkdir ki, onlar artıq sülhməramlı kontingentin onları qoruya bildiyinə inanmaqdan vaz keçiblər:

Aydın məsələdir ki, hər halda bizim kontingentin Dağlıq Qarabağdakı günləri sayılıdır, çünki orada heç kim qalmasa, kimi qoruyacağıq? Bu, sadəcə, bir zaman məsələsidir və qısa müddətdir”.

O, Azərbaycanın hücumunun Rusiyanın mövqelərinə “zərbə vurduğunu” vurğulayıb.

Zatulin əlavə edib ki, Bakının hərəkətləri Rusiyanı güclü dövlət kimi güzəştə salıb:

Bununla bağlı Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb”.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətZatulin Bakının Qarabağda Rusiyanın mövqelərinə zərbə vurduğunu deyir