Vəkil Elçin Sadıqov Heydər Əliyevin heykəlinə şüar yazdığı üçün narkotik ittihamı ilə şərlənən Qiyas İbrahimov və Bayram Məmmədova çatası məktubların onlara verilmədiyini bildirib. Bu barədə vəkil özünün feysbuk səhifəsində qeyd paylaşıb: “Xarici ölkələrdən, xüsusilə Amerika Birləşmiş Ştatlarından və Avropa Ölkələrindən Qiyas İbrahimov və Bayram Məmmədova xeyli məktublar gəlir, lakin həmin məktublar qanunsuz olaraq Qiyas və Bayrama verilmir. Bu ona xidmət edir ki, gənclər beynəlxalq dəstəkdən xəbərsiz olsunlar və beynəlxalq təşkilatların onlar haqqında düşünmədiyini zənn etsinlər. Amma mən hər görüşümüzdə onlara olan beynəlxalq və yerli dəstəkdən danışıram, haradan məktub gəldiyini onlara deyirəm.”
Eyni zamanda Elçin Sadıqov beynəlxalq təşkilatlardan gələn müraciətlər barədə də danışıb: “Bundan əlavə beynəlxalq təşkilatlardan, xarici ölkələrin vətəndaşlarından da Prezident Adminstrasiyasına və Ali Məhkəməyə də Qiyas İbrahimovun, Bayram Məmmədovun azad olunması üçün müraciətlər olunur. Məhkəmələr bütün bu müraciətləri yalnız cinayət işinə əlavə etməklə kifayətlənir.”
Vəkil Qiyas və Bayrama dəstək üçün və ya dövlət orqanlarına onların azad edilməsi üçün müraciət edən hər bir beynəlxalq təşkilatlara və şəxslərə öz dərin təşəkkürlərini və eyni zamanda Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığını istəyən hər kəsdən onlara dəstək məktubu yazmalarını xahiş edib.
azadliq.info
Oxunub: 188