“Biz Gürcüstan və Azərbaycan hökumətlərinin götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq tezliklə bu olayla bağlı səmərəli və şəffaf araşdırma aparacağını gözləyirik”.
Avropa Birliyinin xarici işlər komissarı Federica Mogherini AzadlıqRadiosuna Gürcüstanda yaşayan mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana aparılması və həbs olunması olayına münasibət bildirərkən belə deyib.
İyunun 2-də verdiyi açıqlamada Federica Mogherini bildirib ki, baş verən hadisəni diqqətdə saxlamaqda davam edirlər:
“Biz Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı vətəndaşın qeyri-qanuni oğurlanması iddiası və heç bir dəlil olmadan həbs olunması barədə xəbərlər almışıq.
İstənilən şəxsin sübut, dəlil olmadan həbsi beynəlxalq insan hüquqları normalarına ziddir. Ümumdünya insan hüquqları bəyannaməsində açıq-aydın göstərilir ki, heç kəs dəlil olmadan saxlana, həbs oluna və ya sürgün edilə bilməz.
Vətəndaşlarının bütün fundamental azadlıqlarını, o cümlədən siyasi və vətəndaş hüquqlarını təmin etmək həm Gürcüstanın, həm də Azərbaycanın məsuliyyətidir”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçmədə, hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etməkdə suçlanıb və istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.
Oxunub: 1138