Kütləvi həbslər, qorxunun qəzəbə məğlub olduğu mərhələni yetirşdirir
Azərbaycanda vəziyyət sabit ağır olaraq qalır. Yenə də repressiyalar, yenə də təzyiqlər, yenə də təhdidlər var. Həmişəki kimi korrupsiya, inhisarçılıq, hüquqsuzluq zirvələrdədir. Ənənəvi olaraq ölkədəki tənəzzül, sürətli geriləmə rəsmilərin leksikonunda “inkişaf”, “rifah” kimi təqdim olunur.
Amma ölkədə müsbət bir tendensiya da var. Hökumət repressiyaları artırdıqca, nifrət qorxuya qalib gəlir. Heç kimə sirr deyil ki, bugün ən çox repressiyaya məruz qalan AXCP-dir. Bugün AXCP-nin 10-dan artıq üzvü həbsxana həyatı yaşayır və bunların əksəriyyəti partiya rəhbərliyinə daxildir. Son olaraq isə AXCP sədrinin müavini Gözəl Bayramlı şərlənərək həbs olundu.
Amma repressiyaların baş verdiyi dönəmlərə və həmin dönəmlərdə partiyanın fəaliyyətinə nəzər yetirəndə məlum olur ki, repressiyalar mübarizəni gücləndirməyə xidmət edib. Etiraf etmək lazımdır ki, həbs olunan adamlar partiya üçün böyük itkidir. Amma hər böyük itkidən sonar böyümə prosesinin getdiyini də danmaq mümkün deyil. Xüsusən Gözəl Bayramlının həbsindən sonrakı vəziyyət bu reallığı daha qabarıq göstərdi. Mayın 26-da AXCP sədrinin müavini rüsvayçı formada həbs olunur, mayın 28-də isə Milli Şura və onun lokomativi olan AXCP kütləvi mitiniq-yürüş təşkil edir. Bəli, AXCP-nin 28 may yürüşü, kütləviliyinə, coşqusuna, ruh yüksəkliyinə görə əvvəlkilərdən fərqlənirdi. Deməli, repressiyaların depressiya yaratdığı dövrlər arxada qalıb. Əksinə, dünənə qədər tənbəllik edən, tərəddüd edən adamlar, Gözəl Bayramlının həbsindən sonra utandı, vicdan əzabı çəkdi, özünə hesabat vermək məcburiyyətində qaldı.
Normalda zabitlərini itirmiş ordu geri çəkilməli, müdafiə taktikasına üstünlük verməli, özünəinam hissini itirməliydi. Amma mübarizə səngərində fərqli reallıqlar ortaya çıxır və idealist adamlardan ibarət ordu “öldü var, döndü yoxdur” şüarına bürünür. Bundan sonra da bütün repressiv addımlara eyni reaksiya veriləcək. Ötən gün jurnalist Əfqan Muxtarlının ölkəyə gətirlməsinə də eyni reaksiya verilmədimi? Adamlar bu hadisəyə aqressiv, qəzəbli münasibət bildirmədimi?
Demək istəyirəm ki, öndə olan qüvvəni repressiyalarla sıradan çıxarmaq mümkün olmayacaq. Repressiyalar immunitet yaradır, ölkənin ən dəyərli adamlarının həbsxanada olması həbsxana arzusu yetişdirir.
Bəli,hökumətin “kiçiltmə əməliyyatları” bizi böyütməyə xidmət edir. Hökumət öz silahıyla vurulur. Gözəl xanımın həbsindən sonra Novxanı tədbirində qadınların iştirakı daha qabarıq görünürdü. Şüarlar daha ardıcıl, daha yüksək səslə deyilirdi. Bugün mübarizənin ən öndə olan siması AXCP sədri Əli Kərimlidir. Artıq cəbhəçilər Əli Kərimlinin həbsinin yarada biləcəyi stimuldan danışırlar. Liderin zərərsizləşdirilməsi “başsız qaldıq” yox, “başımızı biraz da dik qaldırmalıyıq” düşüncəsini formalaşdırır.
Ona görə də repressiyalara həm də oyanış, sıçrayış, qorxunun qəzəb qarşısında məğlubiyyəti kimi baxmaq lazımdır. Ruhmuz, əzmimiz, vicdanımız qandallanmayıbsa, qolumuza vurulan qandallar bəzək əşyası kimi görünəcək.
İlham
Oxunub: 298