Beynəlxalq ictimaiyyət jurnalist Əfqan Muxtarlının Gürcütanda oğurlanıb Azərbaycana gətirilməsi və onun haqda üç aylıq həbs qətimkan tədbirinin seçilməsini qınayıb. Human Rights Watch təşkilatı Azərbaycan hökumətini Əfqan Muxtarlını azad etməyə, Gürcüstan hökuməti isə jurnalistin oğurlanması ilə bağlı təhqiqat aparmağa çağırıb. Təşkilatın Cənubi Qafqaz bölməsi üzrə direktoru Giorgi Qogia Amerikanın Səsinə müsahibəsində Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, Azərbaycan rəsmiləri Əfqan Muxtarlıya qarşı bütün ittihamları dərhal götürməli, Gürcüstan hökuməti isə ölkədə sığınacaq tapan fərqli fikirli insanların təhlükəsiziyini təmin etməlidir.
– Human Rights Watch azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması və ona qarşı Azərbaycanda cinayət itithamların irəli sürülməsini kəskin qınayıb. Bu haqda geniş məlumat verməyinizi istərdik.
– Biz əlbəttə ki Gürcüstanda və Azərbaycanda son iki gün mövcud durumdan narahatlıq. Gürcüstanda təhlükəsizlik axtaran jurnalistlə baş verənlər narahatedicidir və təlaş doğurur. O, Gürcüstanda günorta saatlarında yoxa çıxıb. Bundan bir neçə saat sonra isə o, Azərbaycanda peyda olub. İndi ona qarşı ciddi ittihamlar irəli sürülüb. Bizim Gürcüstan və Azərbaycan tərəfə bir sıra tövsiyələrimiz var. Gürcüstan tərəfi müstəqil jurnalistin, bir nəfərin paytaxtda şəhərin mərkəzindən Azərbaycan sərhədinə necə aparıldığını təhqiq etməlidir. Burada Gürcüstan təhlükəsizlik qüvvələrinin hər hansı bir rolu olub-olmadığı təhqiq edilməlidir. Ya da bunun şəxsin razılığı əsasında baş verib-vermədiyi araşdırılmalıdır. Azərbaycan rəsmiləri isə Əfqan Muxtarlıya qarşı bütün ittihamları dərhal götürməlidir və onun Gürcüstanda həyat yoldaşı ilə yenidən bir yerdə olmasına icazə verməlidir.
– Gürcüstan prezidenti Marqvelaşvili jurnalistin yoxa çıxmasının ölkənin dövlətçiliyi üçün ciddi sınaq olduğunu deyib. Lakin Gürcüstan müxalifəti Əfqan Muxtarlının Gürcüstan təhlükəsizlik qüvvələri tərəfindən oğurılandığına dair dəlillərə malik olduğunu bildirib. Siz bu haqda nə söyləyə bilərsiniz?
– Mən bu barədə mühakimə yürütmək istəmirəm. Mənə aydın olduğu kimi, onu oğurlayıblar. Aydındır ki, o, həyat yoldaşına zəng edib. O oğurlandığı zaman evindən bir neçə küçə aralıqda olub və evə gedirmiş. Bundan 24 saat sonra isə o, Azərbaycanda olub. Bu, təhqiq olunmalıdır. Gürcüstan hökuməti Azərbaycan rəsmilərinin təqdim etdiyi informasiyanı təsdiqə ehtiyacı olmayan informasiya kimi qəbul etməməlidir. Azərbaycanda fərqli fikirli insanlara qarşı siyasi motivli ittihamların irəli sürülməsi uzun müddətdir bir hal alıb. Buna görə müstəqil təhqiqat aparılmalıdır. Bir şəxsin Tbilisinin mərkəzindən Azərbaycan sərhədində necə gedib çıxdığı müstəqil şəkildə təhqiqat olunmalıdır.
– Gürcüstanın artıq dissidentlər üçün təhlükəsiz yer olmadığına dair fikirlər səslənir. Buna münasibət bildirmənizi istərdik.
– Mən bu əhval-ruhiyyəni başa düşürəm. Tamamilə aydındır ki, Əfqan Muxtarlının başına gələnlər Azərbaycanda siyasi təqiblərdən qaçaraq, Gürcüstanda təhlükəsiz sığınacaq tapmaq istəyən başqalarına yanlış mesaj verə bilər. Mən bir sıra fəallardan eşitmişəm ki, onlar Gürcüstan rəsmilərindən ölkəni tərk etmək, artıq buranın onlar üçün təhlükəsiz olmadığına dair dostcasına tövsiyələr alıblar. Mən bunu təsdiq edə bilmərəm. Amma aydındır ki, Əfqan Muxatarlı ilə baş verənlərdən sonra bu əhval-ruhiyyə güclənəcək. Hökumət Əfqan Muxtarlının başına gələnləri araşdırmaqla yanaşı, Gürcüstanda təhlükəsiz sığınacaq axtaran başqalarının təhlükəsizliyini təmin etməlidir.
Oxunub: 760