Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib. “Report”un məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandaları üz-üzə gəlib.
Uelsin paytaxtı Kardiffdəki “Millenium” stadionunda təşkil olunmuş matç “kral klubu”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Görüşün ilk yarısında tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra “Real Madrid” əvvəlcə 4 dəqiqə ərzində 2 qol vurub. 84-cü dəqiqədə Xuan Kuadrado qırmızı vərəqə alaraq, “Yuve”ni azlıqda qoyduqdan sonra Zinəddin Zidanın baş məşqçi olduğu komanda 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu görüşdə “dubl” edən Kriştianu Ronaldu Çempionlar Liqasının 3 final oyununda qol vuran ilk futbolçu olub.
“Kral klubu” isə tarixində 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxıb. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə “Milan” qalib olmuşdu. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldırıblar.
“Yuventus” isə cəmi 2 dəfə – 1985 və 1996-cı illərdə qazandığı kuboka yenisini əlavə edə bilməyib. 1997-1998 mövsümünün həlledici görüşündə də məhz bu iki komanda qarşılaşmış və həmin matçda “Real Madrid” qələbə qazanmışdı – 1:0. İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 5-ci final görüşündə də məyus olub.
22:45. “Yuventus” (İtaliya) – “Real Madrid” (İspaniya) – 1:4
Qollar: Mario Mancukiç, 27 – Kriştianu Ronaldu, 20; 64. Karlos Kazemiro, 61. Marko Assensio, 90
Qırmızı vərəqə: Xuan Kuadrado, 84 (“Yuventus”)
Baş hakim: Feliks Brıx (Almaniya)
Kardiff (Uels), “Millenium” stadionu
Oxunub: 422