“The Telegraph” qəzeti yazır ki, ABŞ milyarderi Michael Bloomberg prezident Donald Trump Amerikanın Paris İqlim Sazişindən çıxdığını elan edəndən dərhal sonra BMT-yə iqlim məsələləri ilə bağlı “öz cibindən” 15 milyon dollar xərcləmək niyyətini açıqlayıb.
Bu pul BMT-nin İqlim Dəyişikliyi İcraiyyə Katibliyinin çərçivə Konvensiyasına dəstək kimi verilir.
Bu barədə qərarın altına “Bloomberg insanpərvərləri” imzası qoyulub.
“Amerikalılar Paris İqlim Sazişindən çıxmırlar, – deyib Michael Bloomberg, – Əksinə, biz iştirakımızı daha da inkişaf etdiririk”.
Bloomberg deyib ki, “amerikalılar Paris razılaşmasına əvvəldən axıradək əməl edəcəklər”.
“Washington bizi dayandırmaq üçün heç nə edə bilməz” – deyib milyarder.
2002-2013-cü illərdə New York şəhərinin meri olmuş 75 yaşlı Bloomberg Forbes-un zənginlər siyahısında 8-ci şəxsdir.
O həmçinin Şəhərlər və İqlim Dəyişikliyi üzrə BMT-nin xüsusi elçisidir.
Bundan əvvəl prezident Donald Trump Amerikanın iqlim dəyişikliyi ilə bağlı bütün razılaşmalardan çıxdığını bəyan etmişdi.
Bloomberg deyib ki, ABŞ-ın hər iki partiyasından olan liderlər və biznes başçıları BMT-yə dəstək bəyannaməsini birlikdə imzalayacaqlar.
“Biz Paris razılaşmasına uyğun olaraq Amerikanın bütün öhdəliklərini yerinə yetirəcəyik” – deyib Bloomberg.
Oxunub: 258