Avropa Parlamentində iyunun 15-də Azərbaycanla bağlı müzakirəyə təqdim olunacaq yekun qətnamə layihəsi yayılıb.
Müzakirə jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı keçiriləcək. Yekun olaraq qətnamə qəbul olunmalıdır.
Əvvəlcə altı deputat qrupu (Yaşıllar, sağ mərkəzçi EPP, mühafizəkar ECR, liberal ALDE, sosial-demokrat S&D və sol GUE qrupları) ayrıca qətnamə layihələri hazırlamışdılar.
Sonda onlar yekun qətnamə layihəsi hazırlayıblar.
Qətnamə layihəsində deyilir ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub.
“Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər, jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhəddinə sürüblər. Üstünə 10 min avro pul qoyublar”.
Layihədə deyilir ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.
Halbuki, Azərbaycan vətəndaşlarına tez-tez yaşama izni verməkdən imtina olunur.
Sənəd Əfqan Muxtarlının oğurlandığını bildirir və bunu kəskin şəkildə pisləyir, bunu insan haqlarının ciddi şəkildə pozulması adlandırır.
Layihə Gürcüstan hakimiyyətinin, Gürcüstan dövlətinin bu hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün bütün mümkün addımların atılmasının vacib olduğunu bildirir.
Sənəddə deyilir ki, Gürcüstan hakimiyyəti, bu ölkədə yaşayan 3-cü ölkə vətəndaşlarına və ya öz ölkəsində siyasi və ya insan haqları fəaliyyətinə görə təqib olunaraq siyasi sığınacaq istəyənlərin təhlükəsizliyini təmin etməlidir.
Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxisəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.
Sənəddə deyilir ki, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus Hollandiyada sığınacaq aldıqları halda mayın 17-də verilən məhkəmə qərarı ilə onlardan Azərbaycana qayıtmaq tələb olunur.
Sənəddə həmçinin bloqqer və ictimai fəal Mehman Qələndərlinin aprelin 28-də, həbsxanada baş vermiş ölümünü araşdırmağa çağırır.
Sənəddə həmçinin digər siyasi məhbus sayılan şəxslərin, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov və digərlərinin azadlığa buraxılması tələb olunur, İntiqam Əliyev və Xədicə İsmayılovaya qarşı bütün ittihamların ləğv olunması tələb olunur.
Layihə Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salıb bildirir ki, demokratik islahatlar, qanunun alililiyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar – yeni razılaşmanın kökündə dayanır, yada salır ki, yeni razılaşmadan əvvəl danışıqlar boyunca situasiyanı yaxından monitorinq edəcək.
Oxunub: 482