Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətərin təcridini “qeyri-insani və İslami dəyərlərə qarşı” addım adlandırıb. Bildirib ki, Fars körfəzi ölkəsinə qarşı istifadə olunan üsullar qəbuledilməzdir və “ölüm cəzasına” bərabərdir.
Ərdoğanın parlamentdəki bu çıxışından əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, (BƏƏ) Bəhreyn və Misir terrorçuluğu maliyyələşdirmək ittihamı ilə Qətərlə əlaqələri dondurub. Qətər isə bu iddiaları əsassız adlandırıb.
“Qətərlə bağlı çox kobud səhvə yol verilir, bir milləti bütün sahələrdə ayırmaq qeyri-insani və İslam dəyərlərinə qarşıdır. Bu, Qətər üçün sanki ölüm hökmü qərarının qəbul edilməsidir”, – deyə Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Qətər İŞİD-ə qarşı Türkiyə ilə bərabər ən qətiyyətli mövqe göstərir
Ərdoğan bildirib ki, Səudiyyə Ərəbistanı Kralı Fars Körfəzinin ağsaqqalı kimi regionda böhranın həlli üçün liderlik etməlidir.
Türkiyə XİN isə məlumat yayıb ki, Ərdoğan Qətər böhranını ABŞ prezidenti Donald Trampla da müzakirə edəcək.
Türkiyə prezidenti Qətərə dəstəyini saxlayacağı barədə söz verib və həmçinin deyib ki, bu məsələ Ramazan ayının sonuna qədər həll edilməlidir.
Oxunub: 372