“Pullarımız gedib, üstəlik, özümüzü də sıxışdırırlar, bizə cinayət işi açmaq istəyirlər”.
“MTN işi”ndə zərərçəkmiş kimi tanınmış Zaur Əzimov və Sahib Qurbanov iyunun 14-də günorta saatlarında Xətai metrosu yaxınlığındakı hündürmərtəbəli binalardan birinin damına çıxaraq intihar edəcəklərini bildiriblər.
“BAŞQA YOL QOYMADILAR”
Sahib Qurbanov Azadlıq Radiosu-na deyib ki, onları bu addımı atmağa istintaq orqanı vadar edib:
“Məndən 90 min, Zaurdan 280 min dollar alıblar. Şikayət edirik, qaytarmamaq üçün şərləyib özümüzü həbsə atmaq istəyirlər. Bizə saxta cinayət işi açırlar. Zaurun həbs qərarı hazırdır, qalıb qollarına qandal vurmaqları… Mənə də xəbər göndəriblər. Baş prokuror, prezident səsimizi eşitməsə, canımıza qıyacağıq. Bizə başqa yol qoymadılar. Onsuz da keçmiş MTN-çilər bizə az zülm etməmişdi, bir tərəfdən məhkəmə bizi zərərçəkmiş kimi dindirir, o biri tərəfdən istintaq orqanları həbslə hədələyir. Səbəb də odur ki, vaxtilə işgəncəylə əlimizdən alınmış pullarımızın geri qaytarılmasını tələb edirik”.
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilir. 1 aydan çoxdur davam edən məhkəməyə hakim Elbəy Allahverdiyev sədrlik edir. Sahib Qurbanov və Zaur Əzimov həmin iş üzrə zərərçəkmiş kimi tanınıb.
Tikintisi başa çatmış, lakin yaşayış olmayan binanın damından düşürülmələri üçün 4 saatdan çoxdur ki, əraziyə polis və Fövqəladə hallar Nazirliyinin işçiləri toplaşıb. Dama çıxanlarsa hələ də tələblərini davam etdirirlər.
Xətai rayon polis idarəsinin əməkdaşları radioya bildiriblər ki, hər iki şəxslə danışıqlar aparılır.
Oxunub: 326