Salam olsun Stallone kimi möhkəm , Brus Lee kimi cəsarətli və Polad Aləmdardan da vətənpərvər əqidədaşlarıma. Ümid edirəm ki, hamınız yaxşısınız və əhvalınız 7/24- onlayndır. İnanın ki, pafos naminə demirəm, amma şəxsən mən bu dəqiqə əhvalda və əzmdə “hamınızla dirəşə bilərəm. Yəni, üzr istəyirəm, demək olar, təkcə bır sıxıntım var ki, Putin Avropa üçün, Suriya sakitlik üçün, Azərbaycan azadlıq üçün, Ququş İran üçün, Kliçko rinq üçün, Ramiz Mehdiyev SSRİ KGP üçün darıxdığından artıq mən də sizin üçün darıxıram.
Heç olmasa, məhkəmələrdə bəzilərinizlə görüşür , hakimlə, ittihamçı ilə filanla zarafatlaşıb , deyib-gülüb, şənlənirdik . İndi artıq onlar da qurtardı. Amma əvəzində görüşəcəyimiz an hər gün yaxınlaşır. Açığı məhkəmə müddətində ağlıma yaxşı ideyalar gəldi ki, çıxar-çıxmaz onları reallaşdıracam. Məsələn, üzə duranların “məhvi” üzrə AXCP daimi komissiyasını yarada bilərik, Sədri də bizim çox hörmətli Ramız Kamal bəy təyin olunar . Bəlkə də bəzilərinin yadına düşər. Keçən iclasların birində şikayətçim Əsabəli müəllimin sözünü kəsəndə Ramiz bəyin “ala bunun ağzın yuma bilmirsiz?” deyə səslənməsindən sonra hakimə daha yaxın olduğumdan onun tərəfdən gələn qoxunun dəyişdiyini hiss etdim. Və yaxud da Ruslan Nəsirlinin dövlət ittihamçısına “ağıllı ol”, Şəmistan Həzinin “az qalıb Fuadın yanına gedirsən” tipli təklif və arzuları mənə ittihamçılarla mübarizə alyansı haqqında təklif irəli sürməyə əsas verdi. İnanın ki, sadaladığım faktlar baş verərkən yəqin ki, siz de diqqət edirdiniz. İstər dövlət ittihamçısı , istərsə də hakimin ruh halı Eynşteynin Atomundan, Ağasif Şakiroğlunun GAP-ından, İlham Əliyevin MTN-indən və manatın məzənnəsindən betər günə düşürdü. Fuad canı. Həə, məndə də var axı… Kreativlik, diqqət. İndi basa düşürsüz ki, necə bir adam bu dəqiqə Kürdəxanı suyu içir? Siz fikir verməyin ki, Əsabəli müəllim çıxışında məhkəmə iclasında “vəzifəli şəxs” ifadəsi əvəzinə, yanlışlıqla “Fuad Əhmədlinin səviyyəli şəxs olmasına dair əlimizdə bircə dənə də olsun sübut yoxdur” deyə ifadə edirdi. Belə özüm pis oğlan deyiləm. Sacımı da son söz məhkəməsindən sonra sıfırlamışam, Rusiyalı deputat Valuyeva oxşayaram dədəcanı. Hə, bir də gəlin sizinlə bir saziş bağlayaq. Deməli, yanınıza gəlməyimə 3 il iki ay qalıb, deyilmi ? Bunun 2 ayını çıxıram apellyasiyaya filana,qalan 3 ildə isə mən siqareti tərgidirəm, məşqə başlayıram, vaxtlı-vaxtında sizi də çızmaqaralarımla girinc edirəm, amma ən əsası elə bir formada çıxıram ki, çıxanda Bəhruz Həsənli, Saqif Qurbanov, Ayaz Məhərrəmli, İlham Hüseyn məndən çaşıb məşq elədiyim zalın adini soruşsunlar . Əvəzində isə siz də mənə dair nə istəyiniz, arzunuz olsa, ailəm vasitəsilə bildirir və bir sözlə, partiya sıralarımızı 3-4 dəfəyə qədər böyüdürük! Paydyot? Danışdıqca monitora bir dənə beş vurun, razılaşaq. 3-4 dəfə ha özü də. Düzdür, əvvəlcədən demək bizə düşmür ,amma fikrim var ki, çıxandan sonra xudmani bir yığışaq və dinc yolla dəyişiklik edək. Bele … Qaxlılar demiş , özünüzə kip baxın, yayda günün altında çox gəzməyin, GK üzvləri , İdarə heyətinin sözünə baxın, Nərmin Xəlilin xətrinə dəyməyin( bu xüsusi xahişdir) və nəticədə növbəti üç ildə “tarqovi” PUB-larında mənsiz 3 bakaldan artıq pivə içəni görüm partiya vəsiqəsi üzünə həsrət qalsın. Doğrudan, vəsiqə demişkən: Əli bəydən mənim adımdan xahiş edərsiz ki, a bəy, partiya vəsiqəmi verəsiz bəlkə?! O vaxt prezident seçkiləri vaxtı Əbülfəz bəydən vəsiqə haqda soruşanda cavab verirdi ki, “a bəy, vəsiqə əldə etmək yalnız sınanmış gənclərimizə nəsib olur.” Qurban sizə, Kürdəxanya kimi gəlib çıxdım e, elə bil?! Soruşmaq ayıb olmasın, sınaq müddətinin bitməsinə çox var hələ? Bu da belə … Hamınızın qadasını alım, çalışın heç biriniz bir də buralarda qonağım, filan olmağı fikirləşməyin . Əvvəlcədən deyirəm başım səs götürmür. Yekunda 4-cə illik halallıq istəyəcəm. İnandığınıza əmanət olun.
Hörmətlə: Fuad Əhmədli, 19 iyun 2017-ci il. Əfqan Muxtarlının, Gozəl Bayramlının və bir çox başqa gözəl insanların qonşuluğundan
Oxunub: 548