Milli Məclisin deputatı Arif Rəhimzadə bu yaxınlarda SSRİ həsrətindən danışıb. Müstəqilliyin əleyhinə səs verən deputatın rus dili sevgisi xeyli müzakirələrə səbəb olub. Elə bu yazının yazılma səbəbi də Arif Rəhimzadənin çıxışıdır. Müstəqilliyin əleyhinə olub müstəqillikdən yararlanları bir də xatırlamağın ziyanı olmaz, deyə düşündük. Həm də, ola bilsin, onları tanımayanlar da var. Arif müəllim bağışlayar, rusca yox, Azərbaycan dilində yazdıq. Beləliklə, əziz oxucular, müstəqilliyimizin əleyhinə olanlarla bir daha tanış olun:
18 oktyabr 1991. Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib (qalanları isə (71 nəfər) iclasa qatılmayıb).
Müstəqilliyin əleyhinə səs verənlər
- Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri. Müstəqilliyin əleyhinə səs verən bu adama Azərbaycan müstəqil olandan sonra keçirilən bütün seçkilərdə mandat verilib. Prinsiplərinin əleyhinə olaraq o, hər seçkidə bu mandatı qəbul edib. İllərdir müstəqil Azərbaycanın deputatı kimi maaş alır, həm də böyük məbləğdə… Buna baxmayaraq kommunistliyindən qalmır, partbiletini indi də saxladığı deyilir, SSRİ-nin xiffətini çəkir, rusu özünə böyük sayır.
- Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi. Ondan əvvəlsə müxtəlif ölkələrdə Azərbaycanın səfiri olub. Onun da heç bir kompleksi yoxdur. Müstəqilliyin əleyhinə olub müstəqil ölkəni ən yüksək tribunada təmsil etməyi özünə yaraşdırıb. Müstəqil Azərbaycanın bütün imkanlarından yetərincə yararlanır, hələ də…
- Abbas Abbasov – baş nazirin keçmiş birinci müavini. 1992-2006-cı illərdə bu vəzifəni tutub. Yetərincə var-yatır sahibidir, bütün bunları müstəqilliyinin əleyhinə səs verdiyi Azərbaycanda qazanıb. Oğlu Aydın Abbasov ardıcıl iki çağırış(III-IV) Milli Məclisin deputatı olub. Ən analoqsuzluğu isə, müstəqilliyin əleyhinə səs verməsinə baxmayaraq “Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə…” “İstiqlal” ordeni almasıdır. İndi Moskvada yaşaması, əslində, müstəqilliyin əleyhinə niyə səs verməsinə işıq salır…
- Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti. Heydər Əliyevin kadrlarındandır. Keçmiş kommunist. Görünür, müstəqilliyin əleyhinə olması da burdan qaynaqlanır. II çağırışda deputat da olub. 2005-ci ildə saxta “hakimiyyət çevrilişi” dalğasında vurulanlardandır. Ancaq məntiqlə gərək başqa cür olaydı. Naxçıvanlı, üstəlik, müstəqilliyin əleyhinə olması ona geniş imkanlar açmalıydı. Əslində, elə də itkisi yoxdur. Müstəqilliyinin əleyhinə olduğu ölkənin Milli Elmlər Akademiyasında – “vurulmuşlar”ın yanındadır…
- Samur Novruzov – keçmiş nazir. Müstəqilliyin əleyhinə olması ona vəzifə pillələrində irəliləməyə mane olmayıb. I və II çağırışda mandatını da alıb. Müstəqilliyin əleyhinə səs verəndən 10 il sonra ölüb.
- Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri. Müstəqilliyin əleyhinə səs verənə qədər də müxtəlif vəzifələr tutub, Naxçıvanın Cəhri kəndindəndir. Müstəqil Azərbaycanda keçirilən bütün seçkilərdə ona mandat veriblər. Ən maraqlısı isə onun hər bayramlarda ağız dolusu müstəqillikdən danışmasıdır. Danışanda alnında heç vaxt tər olmur. Əleyhinə olsa da, müstəqillikdən ən çox yararlananlardandır. “Şöhrət” və “Şərəf” ordenləri var.
- Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü. Müstəqilliyin əleyhinəolması onun üzünə bütün qapıları açıb. Ardıcıl I və II çağırışda ona deputat mandatı veriblər. Neçə illərdir MSK üzvü olaraq saxta seçkilərə möhürünü basır. Müstəqilliyin əleyhinə olmasını heç vaxt özünə dərd eləməyib.
- Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı. Mənə elə gəlir ki, müstəqilliyin əleyhinə səs verdiyinə peşman olanlardandır. Faydasını görmədi…
- Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat. Müstəqilliyin əleyhinə səs verməsi əvvəlcə işinə yaramayıb. I çığırışda onu yada salan olmayıb, ancaq sonrakı çağırışların hamısında mandatını veriblər. Üstəlik, əleyhinə olduğu müstəqil ölkənin “Şöhrət” ordenini də alıb.
- Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur. Keçmiş kommunist, 3 çağırış Ali Sovetin deputatı olub. Müstəqilliyin əleyhinə səs verəndən sonra da qınaqla üzləşməyib. Müstəqil ölkənin I çağırış deputatı da olub. AXC-Müsavatı hakimiyyəti qoruyub saxlaya bilməməkdə qınayanlara ona görə haqq qazandırmaq olar. Müstəqilliyin əleyhinə olan bu adam 1992-1995-ci illərdə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsrrüfatı nazirinin birinci müavini vəzifəsini tutub.
- Zeynəb Xanlarova – xalq artisti, deputat. Artistdir, siyasət onluq deyil, nə sifariiş gəlsə, onu oxuyub-çalanlardandır. Ancaq müstəqilliyin keyfini necə lazımdırsa çəkib. Hələ də deputat maaşı alır; müstəqilliyinin əleyhinə olduğu ölkənin deputat maaşını… Bundan başqa, müstəqil Azərbaycanını bütün mükafatlarını – “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenini alıb. Bu da taleyin ironiyasıdır. “Ayaz Mütəllibova səs verməyən ermənidir” deyən xalq artisti yaxasında “Heydər Əliyev” ordeni gəzdirir…
- Madər Musayev – iş adamı, deputatlıqdan çox onu belə tanıyırlar. Binəqədi rayonunun “əbədi” deputatı. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. Müstəqilliyin əleyhinə səs verəndə bunun fərqində olmayıb, “səs ver” komandasıyla oturub-duranlardandır. Əvvəldən bilsəydi ki, əleyhinə olduğu müstəqillik biznesini daha da çiçəkləndirəcək, şübhəsiz, onun lehinə səs verərdi. Ancaq belədə itirdiyi bir şey də yoxdur. Müstəqilliyinin əleyhinə olduğu ölkənin bütün seçkilərində mandatını alıb, biznesi çiçəklənməkdədir, deputatlıq biznesin inkişafına, biznes mandatın əldə olunmasına kömək edir. Biznesdəki uğurunu nəzərə alıb parlamentdə yaxşı vəzifə də veriblər: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. İxtisasına uyğun işdir. “Şöhrət” ordeni də var…
- Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı. Adı bu məşhur siyahıda – müstəqillik əleyhinə olanların arasındadır. Ancaq Vikipediyada yazılıb ki, müstəqilliyə imza atıb. Deyəsən, onu tarix üçün yazdırıb… Xalq hərəkatı dalğasında Lənkəranın rəhbəri olub. 1990-da Ali Sovetin, 1995-ci ildə I çağırış Milli Məclisin deputatı “seçilib”. 2000-2003-cü illərdə Lənkəranın icra başçısı işləyib. İndi elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Yeri gəlmişkən, AYB-nin də üzvüdür. “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960-1980-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiəedən adamın müstəqilliyin əleyhinə necə səs verdiyi çoxlu cavabsız suallar yaradır. Yəqin ən azı memuarlarından birində müstəqilliyə imza atıb-atmamaq məsələsinə aydınlıq gətirər. 76 yaşı var, əsl vaxtdır…
- Gennadi Timoşenko – keçmiş deputat. Haqqında heç bir məlumat tapa bilmədim. İnternetdə axtarış verəndə onun adı yalnız müstəqilliyin əleyhinə səs verənlərin arasında çıxır. Bu adam tarixə elə beləcə də düşüb. I və II çağırış Milli Məclisə seçkilərdə Vladimir Timoşenko mandat alıb, ancaq onun Gennadi Timoşenko ilə hər hansı bağlılığının olub-olmadığını bilmirəm.
- Həsən Həsənov – keçmiş baş nazir, Macarıstanda, 2004-dən Polşada səfir. Müstəqilliyin əleyhinə olması ona elə uğurlar gətirib ki, sanki vətən onun çiynində vətən olub. Əslində, gənc yaşlarından müxtəlif vəzifələr tutub. Ölkədə “kərpic Həsən”kimi tanınıb. Müstəqilliyin əleyhinə olsa da, AXC-Müsavat hakimiyyəti bunu onun üzünə vurmayıb, əksinə, ona Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri statusu verib. Heydər Əliyev hakimiyyəti ələ alan kimi onu xarici işlər naziri qoyub. “Avropa” hoteli ilə bağlı “kiçik” bir səhv nəticəsində dəryadan gölməçəyə atılıb, yəni “sürgünə” – səfir göndərilib. 77 yaşı olsa da, enerjisi tükənməyib, ola bilsin dünyanın ən yaşlı səfiridir.
- Əli Həsənov – Baş nazirin müavini,”Qaçkınkom”un sədri. Keçmiş kommunist. Bütün vəzifə pillələrini dolaşıb. Müstəqilliyin əleyhinə olması ona bütün imtiyazlardan yararlanmaq imkanı verib. 19 ildir qaçqınların işinə baxır. Onların adıyla büdcədən milyardlar silinib. Proses hələ də davam edir. Gələn il 70 yaşını, Komitə sədri olmasının 20-ci ilini qeyd edəcək. Ancaq nə doğulduğu Cəbrayıl işğaldan azad edilib, nə də kabab çəkib muğama qulaq asmaq istədikləri Cıdır düzü… “Şöhrət” ordeni də var…
- Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri. 3 çağırış Ali Sovetin deputatı olan Ş.Həsənov müstəqilliyin əleyhinə səs verəndən sonra deputat mandatı almayıb. Ancaq bu onun müstəqil ölkədə nazir postu tutmasına mane olmayıb. Tikinti materialları sənayesi naziri (1990-1998), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999-2001), Tikinti və Arxitektura Komitəsinin sədri (2001-2006). Ömrünün sonlarında da prezident təqaüdü alıb. Əleyhinə olduğu müstəqillik sayəsində xeyli imtiyazları olub. Bu ilin martında ölüb. Dünya belədir, hamı ölür; xalqın azadlığı, müstəqilliyi uğrunda çalışıan, vuruşan da, ona qarşı olan da… Yaddaşlarda, kitablarda isə daha çox mübarizlər qalır…
- İrşad Əliyev – keçmiş Kənd Təsərrüfatı naziri. Müstəqilliyin əleyhinə səs verəndən sonra onu Prezident Administrasiyasında işə də götürüblər, conra “Qaçqınkom” sədri də qoyublar. Düz 10 il (1994-2004) kənd təsərrüfatı nazir olub. Sonra Beyləqanın və Kürdəmirin icra başçısı işləyib. Əleyhinə olduğu müstəqillikdən yetərincə faydalanıb.
- Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri. Müstəqilliyin əleyhinə 1991-ci ildə səs verməsi onun müstəqil Azərbaycanda karyerasına mane olmayıb, əksinə, 1993-cü ildən indiyə kimi nazir vəzifəsi tutur. Ən stajlı, eyni zamanda büdcə pullarını ən çox talayan nazirlərdəndir.
- Aslan Süleymanov – işsiz. Məntiqlə bu da müstəqilliyin əleyhinə olan başqa yoldaşları kimi vəzifə tutmalı, ya da deputat olmalıydı. Görünür, müstəqillik kimi YAP-ın da əleyhinə olduğundan işsiz qalıb. Çünki təkcə müstəqilliyin əleyhinə olmaq karyera üçün böyük imkanlar açır…
- Arif Ağayev – Yasamalın keçmiş icra başçısı. Ayaz Mütəllibovun kadrlarındandır. Zeynəb Xanlarova ilə qudadır. 2007-ci ildə Qırğızıstana səfir təyin edilib. 2012-ci ildəsə səhhəti ilə bağlı vəzifəsindən geri çağırılıb. İndi o da yəqin evində oturub əleyhinə olub yararlandığı müstəqilliyin dadını çıxarır.
- Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı. İnternetdə axtarış verəndə bu adamın da adı yalnız müstəqilliyin əleyhinə səs verənlərlə bir sırada çıxır. Deyəsən, icra başçısı kimi adını mənbələrə sala bilməyib.
- Sahib Əkbərov – Kəlbəcərin icra başçısı. Müstəqilliyin əleyhinə səs verməsiylə bağlı yazılanlara 20 il sonra – 2011-ci ildə münasibət bildirib. O, 1991-ci ilin 22 dekabrında deputat seçildiyini, bu üzdən 18 oktyabr iclasında iştirak etmədiyini deyib. Adam haqlıdır, müstəqillik illərində nə deputat seçilib, nə də hansısa vəzifə tutub. Şanssız…
- Tapdıq Kamalov – keçmiş deputat. Müstəqilliyin əleyhinə olsa da, müstəqil ölkənin deputatı olmağı da bacarıb. II çağırışda mandat veriblər. Yalnız bir dəfə. İndi təqaüddədir. Müstəqilliyinin əleyhinə olduğu ölkənin büdcəsindən deputat təqaüdü alır.
- Rüfət Əsədov – NK-da şöbə müdiri. Müstəqilliyin əleyhinə olması sonrakı deputatlıq karyerasını bitirsə də, müstəqil ölkənin Nazirlər Kabinetində işə düzəlməsinə mane olmayıb. Ancaq indi NK-nın şöbə müdirləri sırasında onun adı çıxmır.
- Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı. Müstəqilliyin əleyhinə olması “sayəsində” 1993-2002-ci ilədək icra başçısı vəzifəsini tutub. Ondan sonra hansı işlə məşğul olması barədə xəbər yoxdur. Ola bilsin evində oturub əleyhinə olduğu müstəqillikdən qazandıqlarının dadını çıxarır…
- Arif Mövsümov – NK-da şöbə müdiri, ölüb. Müstəqilliyin əleyhinə olmaq ona da uğur gətirib. Arif Mövsumov 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi ticarət və pullu xidmətlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir “üstünlüyü” də var ki, onu bu vəzifəyə Surət Hüseynov təyin edib.
- Cahangir Hüseynov – deputat. Sovetlərin vaxtında müxtəlif vəzifələr tutsa da, yalnız bir dəfə – 1991-ci ildə onu deputat seçiblər. Onda da ölkə müstəqillik qazanıb və C.Hüseynov da 30 başqa həmfikiri ilə birlikdə müstəqilliyin əleyhinə səs verib. Buna baxmayaraq müstəqil ölkədə də mandat ala bilib. Ancaq başqa əleyhdarlardan fərqli olaraq ona bu mandatı yalnız 1 dəfə veriblər…
- Mirhəmzə Əfəndiyev – İxtisası həkimdir. Ancaq həkimlikdən çox siyasətə marağı olub. 1990-da deputat mandatı alıb. 1991-ci ildə Müstəqilliyin əleyhinə səs verib. Gələcək karyerasında bu səsvermə mühüm rol oynayıb. Əleyhinə olduğu müstəqillik sayəsində Azərbaycanın təmsilçisinə çevrilib; Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda Azərbaycanın daimi nümayəndəsi. 2004-cü ildən etibarən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri… 1991-ci ildəki qərarına görə üzr istəmək barədə düşünüb-düşünmədiyini kimsə bilmir.
- Telman Orucov – ADP-nin keçmiş katibi. Müstəqilliyin əleyhinə olması onun karyerasında heç bir iz buraxmayıb. Keçmiş kommunist dostları sonradan hakimiyyəti ələ alsalar da, onun kimi müstəqilliyin əleyhinə olanlar yüksək vəzifələrə irəli çəkilsələr də, Telman müəllimi yada salan olmayıb. Görünür, bu səbəbdən yaradıcılığa başlayıb. Kitablar yazır, tərcümələr edir…
- Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri, ölüb. Müsrtəqilliyin əleyhinə olsa da, ondan yararlanıb özünə partiya qurmuşdu, ancaq kimdən soruşsan bu adda partiya olduğunu xatırlamaz…
Oxunub: 888