Yaxud, işıqforun ölüm rəngi
İlham Hüseyn
Bu ölkədə kədərlənmək üçün bütün şərait yaradılıb. Ölkənin istənilən yerində istənilən qədər kədər tapmaq olar. Amma ölkəmizdə saxta və müvəqqəti sevinclər, topa-topa təsəllilər, “hər şey yaxşıdır” formasında nəsihətlər də var. Özünü ziyalı, ağsaqqal, müdrik, təcrübəli hesab edən adamlardan elə “məsləhət”lər eşidirk ki, ürəyimiz ağrayır. Hamı keçmiş zamanda danışmağı, bəhanələrlə silahlanmağı, hansısa “müxalifətçi”nin xəyanətindən özünə dəbilqə düzəltməyi xoşlayır.
“Sən cavansan, sonra peşiman olacaqsan”, “biz də vaxtında mübarizə aparmışıq, amma boş şeydi”, “təsir altına düşmə, özünə düz yol seç”, “mübarizə aparanların hamısı iqtidarın adamıdı”, ” özünə yazığın gəlsin, bu millət üçün dəyməz” tipli “məsləhət”ləri çox eşidirik.
Həm də məlum olur ki, bu “məsələhət” verən adamlar “haqq aşiqidi”. Hamısı vətəni sevdiyini, korrupsiyaya nifrət etdiyini, saxtakarlığı qəbul etmədiyini bildirir. Amma bütün bunlarla yanaşı hamının bir tarixçəsi var və hamı həmin tarixçəni danışmaqla haqlı olduğunu sübuta yetirmək istəyir. Adamlar cəsarətsizliklərini ört-basdır etmək, prinsipial mübarizə aparanları aşağılamaq üçün dəridən-qabıqdan çıxırlar. Çünki, mədələriylə əlləşməyə qərar veriblər, tapdıqları 5-10 manatın cazibəsindən çıxa bilmirlər.
Məncə, belə “ağsaqqal” məsləhətləri korrupsiyadan, saxtakarlıqdan, hüquqsuzluqdan daha böyük zərbə vurur. Belə adamlar şərə “dirilik suyu” içirtmək missiyasını daşıyırlar. “Sən düz deyirsən ey, amma heç nəyin xeyiri yoxdur” deyən adamları görəndə Allaha şükr edirəm. Çünki, belələrindən olmamağın özü da böyük nemətdir, böyük xoşbəxtlikdir.
Belə adamların əhatəsinə düşəndə adamın vətən yazığı gəlir. Düşünürsən ki, vətən vətəndaşsız qalıb. Düşünürsən ki, bu ölkədə vətənə xəyanət edən xeyli adam var. Bəli, vətənin zorlandığını, alçaldıldığını, istismar edildiyini gördüyün halda, zalımın qarşısında əyilirsənsə, deməli vətənə xəyanət edirsən. Bu ölkə çoxdandır ki, bizsiz qalıb. “Bizim ölkəmiz”, “mənim ölkəm” deyə biləcək nə qədər adam var? Mitinqə gəlməmək üçün min cür bəhanə tapıb, Gül bayramına getmək üçün min cür səbəb axtaran adamlar “mənim vətənim” kəlməsini “blok”a atıblar.
Hər yerdə ölüm işığı yanır, işıqforun yaşamaq rəngi işə düşmür. Adamlar ölüm işığında yaşamaq keçidi etmək istəmir. İşıqforun qırmızı işığı yandığı halda, dözməyib avtomobili işə salan adamlar, illərdi ölkənin taleyində yanan qırmızı işıqda keçməkdən qorxur. Məsələ burasındadır ki, avtomobil yolunda qırmızı işığı gözləmək vacib olsa da, insanlıq yolunda qırmızı işığı gözləmək faciə gətərir. İşıqforun qırmızı işığı başqalarının yol keçməsinə şərait yaradırsa, zalımın qırmızı işığı başqalarının yolunu əbədi kəsməyə xidmət edir. Bizim ölkəmizdə rejimin öz işıqforu var və bu işıqforun yalnız ölüm rəngi işləyir. Ölüm işığı yandığı halda yaşamaq cəhdi edənlər isə ən ağır sınaqlardan keçməli olurlar. Hamının yolunu açmaq üçün çeşidli təhlükələrlə üzləşirlər.
Bu ölkə zülmün qarşısında təslim olmuşların, dərdin qarşısında əzilmişlərin sayəsində sahibsiz qalıb. Bu ölkəyə sahib çıxan, bu ölkə uğrunda döyüşən adamlara dəstək olmaq əvəzinə, xeyli “ağsaqqal”lar, “ağbirçək”lər köləlik toxumu səpməklə məşğuldular.
Bir yaşlı adamın bir mübariz gəncə “yaltaqlan, iərli get”nəsihəti verməsi, bir harın məmurun dövlətin milyardlarını mənimsəməsindən daha böyük faciədir.
Cənablar, vətəndaşlıq mövqeyiniz, cəsarətiniz, həqiqi ziyalılığınız, müdrik ağsaqqallığınız yoxdur, heç olmasa ürəkbulandıran nəsihətləriniz də olmasın. Özünüz qürursuz vətəndaş, kölə insan olmaqla barışmısınız, heç olmasa qürurla yaşamaq istəyənlərə, azad ömür sürənlərə “ağıllı” məsləhətlər verməyə cəhd etməyin.
Bu ölkə “işıqfor”un ölüm rəngində təslim olmayıb, yaşamaq rəngini yandıran adamların sayəsində xilas olacaq.
Oxunub: 534